Monopoliya nədir? Monopoliya bazarı nə deməkdir?

Monopoliya nədir? Monopoliya bazarı nə deməkdir?

Məşhur psixoloq Robert Anton Vilson deyir, “Gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu onu yaratmaqdır.” Dövrün tələblərinə tam şəkildə uyğunlaşan bu ifadə əslində bəzi bazar iştirakçıları üçün əsl ilham mənbəyidir. Zamanın istehlak və maraq tələblərinə uyğun məhsulla bazara daxil olmaq, rəqibləri sıradan çıxarmaq, yaxud da gələcək 10 illiklər ərzində sektora rəqibin daxil ola bilməsini əngəlləmək zirvəyə gedən yolda bütün maneələri aradan qaldırır. Bir tərəfin hədsiz gəlir qazanma formasının nə dərəcədə ədalətlilik prinsiplərinə uyğun olmasını müzakirə edənədək qarşı tərəf bazarda daha da güclənir desək yanılmarıq. Çünki, müasir dövr rəqabət aparmağı sevənlərin və bacaranların dünyasıdır. Tarixin keçmiş dövrlərindən bu günə qədər isə bazarda dəyişməyən anlayışlardan biri də monopoliya və ya inhisarçılıqdır. Yəni, illər öncə də bazarda öz məhsul və xidməti ilə rəqiblərini sıradan çıxardan üzvlər var idisə, bu gün də onların davamçılarını görmək mümkündür. 

Monopoliya nədir?

Bazarın sadəcə bir satıcıyla təmsil olunduğu və ya alıcıların hədsiz çox olduğu vəziyyət monopoliya adlandırılır. İnhisarçı qismində çıxış edən bazar iştirakçılarının müəyyənləşdirdiyi qiymət strategiyasını dəyişdirmək çətindir. Çünki, bazar bir yaxud məhdud sayda satıcıdan ibarət olduğu halda qaydaları müəyyən edən tərəflərin sayı da minimuma enir. Nəticədə, istehlakçı müvafiq qiymətlərlə razılaşmalı olur. 

Monopoliya nədir? Monopoliya bazarının xüsusiyyətləri 

İnhisarçıların təmsil olunduğu sektorlar fərqli olsalar da, oxşar xüsusiyyətləri daşıyırlar.

Rəqiblər üçün əsl maneə: Monopolistlərin hökmranlıq etdikləri bazarlara rəqiblər asanlıqla daxil ola bilmir. İnhisarçı tərəf sənayedə rəqabətin faydasını asanlıqla öz xeyrinə dəyişməyi bacarır.

Tək satıcı: Müvafiq məhsul və xidmət bazarı yalnız bir satıcı ilə təmsil olunur.

Mənfəət yüksək olur: İnhisarçı tərəf təqdim etdiyi məhsulun və ya xidmətlərin qiymətlərini asanlıqla nəzarətdə saxlayır. Rəqabət apara biliniləcək qüvvələr olmadığı üçün qiymət artımları inhisarçı şirkətin ixtiyarında olur. Beləliklə, şirkətin gəlir səviyyəsi daha da yüksəlir.

Bazarda hərtərəfli güclənmək: Adətən inhisarçı şirkətlər bazarda öz mövqeyini gücləndirməklə yanaşı, öz xərclərini də minimuma endirməyə nail olur. Məsələn, istehsal xərcləri azaldılaraq, başqa qurumlarla müxtəlif şərtlər daxilində razılaşaraq, ticarət əməliyyatları həyata keçirilir. Nəticədə, bazarda hətta ən aşağı qiymətə məhsul, xidmət təklifi edən şirkətlər belə sıradan çıxır. Çünki, xərclər azaldıqca istənilən halda inhisarçı tərəf də paralel olaraq qiymət endirimi edə bilir.

Monopoliya nədir? Monopoliyaların mənfi xüsusiyyətləri 

Qiymət fiksasiyası

Monopoliya rejimində bazar iştirakçısı tələbdən asılı olmayaraq qiymət səviyyəsini öz xeyrinə stabil vəziyyətdə saxlaya bilir. Başqa satıcı olmadığı üçün istehlakçılar razılaşmağa vadar olur. 

Məhsulun keyfiyyətinin aşağı düşməsi

İnhisarçılar təkcə qiymətləri artırmaqla deyil, həm də bazara aşağı keyfiyyətli məhsullar təqdim edə bilir. Bu, daha çox yoxsul sakinlərin yaşadığı regionlarda rast gəlinən situasiyalardan biridir.

İnnovativ yeniliklərdən və sərmayə axınından uzaq qalması

Monopoliyalar innovativ məhsulların tətbiqinin qarşısını alaraq, həmçinin bizneslərin investisiya yatırımlarından uzaq qalmasına səbəb olur.  Nümunə çəkməli olsaq, Milli İqtisadi Tədqiqatlar Bürosunun 2017-ci ildə apardığı araşdırmalara görə, məlum olub ki, ABŞ biznesləri rəqabətin azalması fonunda 2000-ci ildən bəri proqnozların əksinə daha az investisiya yatırımı həyata keçiriblər. 

İnflyasiya şəraiti

Monopoliyalar inflyasiya səviyyəsinin yüksəlməsinə şərait yarada bilir. Qiymətlərin müəyyən şəxslərin marağına xidmət edərək təyin edilməsi istehlakçılar üçün xərc inflyasiyasının yaranmasına səbəb olur. Məsələn, Neft İxrac Edən Ölkələr Təşkilatını misal gətirmək olar. OPEK-ə daxil olan 13 neft ixrac edən ölkə dünyanın təsdiqlənmiş neft ehtiyatlarının təxminən 80%-nə sahibdir.

Monopoliya nədir? Monopoliyalar müsbət qarşılana bilərmi?

Bəzən ilkin dəyəri yüksək olan məhsul və ya xidmətin ardıcıl çatdırılmasını təmin etmək məqsədi ilə inhisarlaşmaya şərait yaratmaq müsbət addım hesab edilə bilər. Məsələn, su, elektrik və s. kimi. Yeni elektrik stansiyaları və ya bəndlərin tikintisi çox baha başa gəldiyi üçün, bu xərcləri qarşılamaq məqsədi ilə inhisarların qiymətlərə nəzarət etməsinə icazə vermək məqsədəuyğundur.

Monopoliya nədir? Monopoliyanın hansı növləri var?

Maliyyə bazarlarında inhisarlar müxtəlif formalarda özünü göstərə bilər. Əksər hallarda gücün konsentrasiyası və maliyyə sənayesinin müəyyən seqmentlərində məhdud rəqabətlə əlaqələndirilir. Maliyyə bazarında müşahidə oluna bilən inhisarçı və ya oliqopolist strukturların bir neçə növü var:

Təbii formada yaranan monopoliya: Şirkətin bazarda tələb olunan məhsulun istehsalını qarşılaya bilməsi ona rəqabətdə strateji mövqe qazandıraraq, həmçinin, miqyas iqtisadiyyatından istifadə edərək aşağı xərclərlə istehsal etməyə imkan verir. Bu, isə təbii formada inhisarın yaranması üçün münbit şərait hesab olunur. 

Süni monopoliya: Adından bəlli olduğu kimi, bazarda öncədən planlaşdırılmış maneələrin yaradılması fonunda süni inhisar şəraiti meydana çıxır. Bu cür əngəllər əsasən hökumət tərəfindən verilən qaydalar, imtiyazlarla, müəllif hüquqları və s. kimi məsələlər əsasında təmin olunur. Halbuki, müvafiq şirkət keyfiyyət və ya digər əsaslardan tam olaraq bazar standartlarına, eləcə də, müştəri ehtiyaclarına cavab vermir. Tətbiq olunan qaydalar və ya qanunlar yeni rəqiblərin daxil olmasına maneə yaradır.

Təmiz monopoliya: Təmiz inhisarın yarandığı bazar şəraitində tək şirkət alternativlərin olmadığı bir vəziyyətdə alıcıya öz məhsullarını təklif edir. Bundan əlavə, potensial rəqiblərin daxil olmasına mane olan iqtisadi, texnoloji, hüquqi maneələr yaradılır.

Ticarət monopoliyası: Müəyyən bir regionda həyata keçirilən ticarət əməliyyatlarına yalnız bir təşkilatın, qurumun və ya şirkətin nəzarət etməsi fonunda ticarət monopoliyası yaranır. Bunun ən məşhur nümunələrdən biri İspaniyanın Amerikadakı müstəmləkələrinə tətbiq etdiyi kommersiya monopoliyasıdır. Belə ki, Amerika qitəsinin sakinləri yalnız müvafiq İspan gəmiləri ilə ticarət edə bilərlər ki, hər hansısa digər ölkə və ya təşkilatla istənilən növ əməliyyatlarda iştirak etmək qadağandır.

İkili monopoliya: İkili inhisar bir təchizatçı və tək istehlakçının mövcud olduğu bazar sistemidir. Bu o deməkdir ki, müəyyən məhsul və ya xidmət üçün satıcı qismində çıxış edən və onu əldə etmək istəyən tərəflərin sayı bərabərdir.

Adi monopoliya: Tək təchizatçının olduğu və məhsulun qiymətinin unikal olduğu bazar sistemidir.

Qiymət ayrı-seçkiliyinə əsaslanan monopoliya: Monopoliyanın bu növündə istehlakçılara müəyyən xüsusiyyətlərdən asılı olaraq fərqli qiymət təklif edilir. Məsələn, kinoda olarkən tələbələr və tələbə olmayanlar üçün fərqli tariflərin tətbiqini misal çəkmək olar.

Monopoliya nədir? Dünya bazarında hansı monopolist şirkətlər var?

İnhisarçı şirkətlər dövrün bazar dinamikasına və biznes inkişafına və s. kimi amillərə görə zamanla mövqelərini dəyişə bilər. Müxtəlif zamanlarda öz sektorları üzrə rəqiblərini geridə qoyan şirkətlərə proqram təminatı və texnologiya sahəsində “Microsoft”u, elektron ticarət və bulud xidmətlərinə görə “Amazon”u, qlobal sərinləşdirici içki bazarında “Coca Cola”nı və s. kimi dünya nəhənglərini misal çəkə bilərik. 

Monopoliya nədir? – Nəticə

Son olaraq qeyd edək ki, monopolist şirkətlər dünya bazarının müasir trendlərə uyğunlaşmasının qarşısını alaraq, həmçinin, müxtəlif şirkətlərin inkişafının, bzines böyüməsinin də zəifləməsinə səbəb olur. Bəzi böyük xərclər tələb edən sahələrdə monopolist şirkətlərə ehtoyac duyulması reallığını da unutmaq olmaz. Məsələn, qatar yollarının çəkilməsi zamanı əldə olunan vəsaitlərdən tutmuş bütün prosedurların icrası həddindən çox xərc tələb etdiyi üçün bazara süni şəkildə dövlət və s. tərəfdən kənar müdaxilələrin edilməsi gözləniləndir. Bütün hallarda dövrün tələblərinə uyğunlaşmaq üçün daim bazar trendlərini yaxından izləmək mütləqdir.

Həmçinin oxu – Menecment nədir? – Məşhur şirkətlərin böyük uğurlarının sirri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button