Menecment nədir? – Məşhur şirkətlərin böyük uğurlarının sirri

Məşhur şirkətlərin böyük uğurlarının sirri – Menecment nədir?

Tarix boyunca cəmiyyətin müxtəlif mənalarda inkişafı idarəetmənin düzgün təşkilindən asılı olaraq fərqli hadisələrə, yeni kəşflərə və digər qanunauyğunluqlara adaptasiya olub. Bəsit formada yanaşsaq, ailə modelindən başlayaraq müxtəlif şirkət, dövlət idarəetməsinə qədər hadisələrin öz axarında getməsi xüsusi bir planlamaya, hərəkət cədvəlinə, birgə atılacaq addımlara və digər amillərə ehtiyac duyur. Günümüzdə tez-tez istifadə olunan Menecment ifadəsi də məhz, bu yöndə müxtəlif fəaliyyət prinsiplərini özündə birləşdirən, istər biznes, qeyri-kommersiya, istərsə də dövlət qurumlarının, təşkilatların və s. uğurunda və səmərəliliyində həlledici rol oynayan fundamental anlayışdır.

Menecment nədir?

İngilis dilindən tərcümədə “Menecment (management)“ anlayışı “idarəetmə, idarəçilik“ mənasını ifadə edir. Resurslardan səmərəli istifadə etməklə planlanan hədəflərə nail olmaq üçün nəzərdə tutulmuş bir sıra fəaliyyətləri və prosesləri əhatə edir. Bir nüansı vurğulamaq yerinə düşər ki, menecment idarəetməsi əsasən müəssisə anlayışına və ya bu tip istiqamətlərə daha çox xarakterikdir. Günümüzdə menecment bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilmə formasıdır. Bütün bu prosedurların icra olunma strukturunda isə bilavasitə məsuliyyətli şəxslər menecerlər hesab olunur. Onların öhdəliyində olan fəaliyyətləri aşağıdakı formada ümumiləşdirmək olar.

  • Ümumi məqsədlərin müəyyənləşdirilməsi
  • Müvafiq fəaliyyət planının qurulması
  • Fəaliyyət planının bazar tələblərinə uyğunlaşdırılması
  • Məhsuldarlığın və səmərəliliyin artırılması üçün strategiyanın müəyyənləşdirilməsi
  • Büdcəyə, məhsuldarlıq səviyyəsinə və fəaliyyətə nəzarət 
  • Müştəri problemlərinin həll olunması
  • Əməkdaşların qiymətləndirilməsi
  • Komandanın treninqlərdə iştirakı

Şirkətlərdə menecmentin (idarəetmənin) hansı formaları var? Menecment nədir?

Müəssisənin fəaliyyət formasından, növündən və s. asılı olaraq idarəetmə quruluşu da buna paralel olaraq dəyişir. Kiçik şirkətlərdə az sayda olan menecerlər bir çox vəzifələri icra edə bilərlər ki, böyük təşkilatlarda isə menecer sayı çox olması ilə xarakterikdir. Effektivlik səviyyəsi isə istənilən halda hər bir şirkətin özünəməxsus siyasətində və menecerlərin peşəkarlığından asılıdır. Bir çox müəssisələrdə idarəetmə üç səviyyə əsasında müəyyənləşdirilir: 

  • yuxarı
  • orta
  • aşağı

Yuxarı səviyyə

Yuxarı səviyyəli idarəetmədə məsuliyyətli şəxs adətən inzibati rolu icra edir. Burada gündəlik əməliyyatlarda yaxından iştirak tələb edilməsə də, qərarlar bütün təşkilatın fəaliyyətinə təsir göstərir. Onlar baş icraçı direktor (CEO) tituluna malik ola bilər və ya direktorlar şurasında yer ala bilər.

Orta səviyyə

Orta menecment səviyyəsi üzrə məsuliyyətli şəxslər işçilərə məqsədlərə çatmaqda və şirkətin məhsuldarlığını artırmaqda kömək etmək üçün həm yüksək səviyyəli rəhbərlik, həm də nəzarətçilərlə birgə çalışır. Bir növ bu şəxsləri regional menecerlər və ya ümumi menecerlər olaraq adlandırmaq olar.

Aşağı səviyyə

Bu səviyyə üzrə menecerlər növbə rəhbəri, şöbə müdiri və ya komanda rəhbəri kimi adlandırılır. Onlar yuxarı rəhbərliyin müəyyən etdiyi məqsədlərə çatmaq üçün əməkdaşlarla ayrı-ayrılıqda və komandalarla işləyirlər. Onlar adətən digər idarəetmə səviyyələri ilə müqayisədə şirkət siyasətinə daha az təsir göstərirlər, daha çox əməkdaşlarla qarşılıqlı əlaqədədirlər.

Menecment nədir? Hazırda menecmentin hansı növü üzrə karyera qurmaq perspektivli olar?

Dünyanın istənilən nöqtəsində öz aktuallığını qoruyan və müasir dövrün trendləri ilə tam şəkildə ayaqlaşan menecment sisteminin təmsilçilərinə (menecerlərə) demək olar ki, bütün növ şirkət və sənaye sahələrində rast gəlmək mümkündür. ABŞ Əmək Statistikası Bürosu (BLS) 2021-2031-ci illərdə menecerlik vəzifəsi üzrə vakansiyaların 8 faiz artacağını proqnozlaşdırıb. Gəlin, hazırda və gələcək illərdə aktual olan menecer istiqamətləri ilə tanış olaq. Aşağıda qeyd olunan məlumatlar bu sahə üzrə karyera qurmaq istəyənlər üçün faydalı olacaqdır.

Reklam və marketinq menecerləri

Orta illik əmək haqqı : 133,380 ABŞ dolları

Bu menecerlərə tələbat üzrə artım proqnozu: 10% (2021-2031)

Reklam və ya marketinq menecerləri müxtəlif şirkətlərə, brendlərə məxsus xidmət və ya məhsulların reklam işlərinin təşkilini, icra olunmasını həyata keçirir. Müasir dövrün sosial media əsri olduğunu nəzərə alsaq, bu istiqamət üzrə karyera qurmağın son dərəcə ideal qərar olduğunu qeyd edə bilərik. Ancaq bu sahəyə yönəlmək üçün müəyyən qədər araşdırmalar aparılmalı, sahə üzrə lazımi informasiyalar əldə olunmalı, bilik və bacarıqlar inkişaf etdirilməlidir.

Tikinti menecerləri

Orta illik əmək haqqı : 98,890 ABŞ dolları

Bu menecerlərə tələbat üzrə artım proqnozu: 8 % (2021-2031)

Tikinti menecerlərinin fəaliyyət planlaması adətən ofis və tikinti sahələri, obyektləri əsasında bölüşdürülür. Burada menecerlərdən büdcə planlamasına nəzarət, təcrübəli və ya sahə üzrə anlayışlı əməkdaşların komandaya cəlbi, əməkdaşların iş fəaliyyətinə nəzarət və s. tələb olunur. Eyni zamanda, işinizdə peşəkarlıq səviyyəsinin artırılması üçün tikinti, biznes və ya mühəndislik sahəsində təhsil almaq, təcrübə proqramlarında işləmək, ümumilikdə sahə üzrə məlumatlı olmaq vacibdir.

Maliyyə menecerləri

Orta illik əmək haqqı: 131,710 ABŞ dolları

Bu menecerlərə tələbat üzrə artım proqnozu: 17 % (2021-2031)

Bütün şirkətlərin maliyyə menecerlərinə ehtiyacı vardır ki, onların iştirakı ilə müəssisənin gəlir və xərc məlumatları detallı təhlil olunur, maliyyə hesabatları yaradılır və ümumilikdə müvafiq qurumun maliyyə data bazası yaradılır. Mühasibat uçotu, maliyyə, biznes və ya iqtisadiyyat üzrə təhsil almağınız və ya müxtəlif kurslarda istirak edərək sertifikatlar əldə etməyiniz bu istiqamətdə karyera qurmağınızı asanlaşdıracaq. 

Qida xidməti menecerləri

Orta illik əmək haqqı : 59,440 ABŞ dolları

Bu menecerlərə tələbat üzrə artım proqnozu: 10 % (2021-2031)

Qida xidməti menecerləri restoranlarda, otellərdə və ya müxtəlif qida əsaslı məkanlarda fəaliyyət göstərərək, mətbəxə, təchizat sifarişinə və işçilərin qida təhlükəsizliyi qaydalarına əməl etmələrinə nəzarət edir. Restoran və ya qidalarla bağlı təcrübəsi olan şəxslər üçün bu vəzifə üzrə çalışmaq uyğundur.

Səhiyyə menecerləri

Orta illik əmək haqqı : 101,340 ABŞ dolları

Bu menecerlərə tələbat üzrə artım proqnozu: 28 % (2021-2031)

Tibb üzrə iş təcrübəsi olan, təhsil alan bütün namizədlər səhiyyə meneceri olaraq fəaliyyət göstərə bilərlər. Vəzifə öhdəlikləri səhiyyə obyektlərinin fəaliyyət prinsiplərindən asılı olaraq dəyişə bilər. Belə ki, səhiyyə təşkilatlarının rəvan işləməsini təmin etmək, müəssisənin inzibati və biznes aspektlərini idarə etmək, büdcələri idarə etmək, maliyyə hesabatlarına nəzarət etmək, qurumun maliyyə dayanıqlığını təmin etmək və s. kimi fəaliyyətlər daxildir.

Satış meneceri

Orta illik əmək haqqı: 127,490 ABŞ dolları

Bu menecerlərə tələbat üzrə artım proqnozu: 5 % (2021-2031)

Müxtəlif şirkətlərdə satış mütəxəssisləri komandasına məhz, satış menecerləri nəzarət edir. Fəaliyyət prinsiplərinə fərdi satış nümayəndələri, komandalar üçün hədəflər və kvotalar təyin etmək, müştəri şikayətlərinin idarə olunması və s. kimi vəzifə öhdəlikləri daxildir. İqtisadiyyat üzrə fərqli istiqamətlərdə təhsil alan, çalışan şəxslər bu istiqamət üzrə karyera qura bilər.

Ölkəmizdə menecment ixtisası üzrə hansı universitetlərdə təhsil almaq olar?

  • Azərbaycan Dövlət İqtisad Universiteti (Bakı, Zaqatala filialları)
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  •  Azərbaycan Koorperasiya Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Texnologiya Universiteti
  •  Azərbaycan Turizm və Menecment Universiteti
  •  Azərbaycan Memarlıq və İnşaat Universiteti
  •  Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
  •  Azərbaycan Universiteti
  • Bakı Biznes Universiteti
  •  Bakı Dövlət Universiteti 
  • Dövlət İdarəçilik Akademiyası
  •  Gəncə Dövlət Universiteti
  •  Xəzər Universiteti
  •  Qərbi – Kaspi Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Naxçıvan Dövlət Universiteti
  • Odlar Yurdu Universiteti
  •  Sumqayıt Dövlət Universiteti
  •  Lənkəran Dövlət Universiteti
  •  Mingəçevir Dövlət Universiteti

Menecment nədir? Menecer hansı bacarıqlara sahib olmalıdır?

Fəaliyyət göstərmə istiqamətindən, şirkətdən asılı olmayaraq menecerlər idarəetmə bacarıqları, həmçinin, özündə bunu ehtiva edən digər qabiliyyətləri yüksək olmalıdır. Ümumiləşdiməli olsaq, menecerlər aşağıdakı bacarıqlarının üzərində işləməlidir. 

Ünsiyyət bacarıqları

Komanda və ya müştərilərlə kommunikasiyanın düzgün qurulması vacibdir. Bu amil menecerin müəyyən olunan hədəflərə çatmaqda, müsbət irəliləyişlərin əldə olunmasında, yaranan problemlərin aradan qaldıırlmasında və s. böyük rol oynayır. 

Səmimi davranmaq, pozitiv olmaq

Komanda daxilində, müştərilərlə ünsiyyət qurarkən müzakirə olunan məsələlərdə yaxud da sadəcə söhbət edərkən səmimi, pozitiv mühit yaradılması bütün işlərin öz axarında getməsinə şərait yaradacaq. Bəzən ən unudulmaz və şanslı günlər sadəcə gülümsəmə ilə müşayiət olunan “Sabahınız xeyr” ifadəsi ilə başlayır. Yaxud komanda üzvlərin gördüyü işləri dəyərləndirmək əmin olun ki, sizi hədəflədiyinizdən daha böyük nəticələr bəxş edəcək.

Fəaliyyət göstərilən istiqamət üzrə məlumatlı olmaq

Yuxarda qeyd etdiyimiz kimi marketinq, səhiyyə, qida və s. olmaqla menecer müxtəlif kateqoriyalara bölünür. Hər bir sahə üzrə menecer fəaliyyətə başlayarkən tamamilə müvafiq sahəyə adaptasiya olmalı, lazımi bilik və bacarıqlara sahib olmalıdır. Zəif hesab etdiyiniz nüansları zamanla inkişaf etdirməkdən çəkinməyin. Müasir dövrdə istənilən sahə üzrə inkişaf etmək üçün internetdə sonsuz sayda mənbələr var.

Əməkdaşlarla əsl komanda şəklində işləyin

İşlər çox olduğu zamanlarda iş bölgüsü zamanı komanda üzvlərinə həvalə olunan işlərdə onların həqiqətən də bunun öhdəsindən mükəmməl şəkildə və zamanında gələcəklərinə inandırın. Eyni zamanda onlarla birlikdə sizin də böyük zəhmətlərə qatlaşdığınızı hiss etdirin. 

Yeniliklərə açıq olun

Yeni bacarıqlar və həll yolları əldə etməyin ən yaxşı yolu onları real həyatda idarəetmə şəraitində tətbiq etməkdir. Bu bacarıqlar üzrə təcrübə qazanmaq karyeranızda sizə yüksəlmək üçün münbit şərait yaradacaq. Eyni zamanda, daim öz üzərinizdə işləyin. Bu hətta bildiklərinizi yenidən təkrarlamaq olsa belə.

Komanda üzvlərini dəyərləndirin

Səlahiyyətinizdə olan əməkdaşları iş performansına görə dəyərləndirmək həm onlar həm də sizin üçün müsbət addımdır. Bunun sayəsində siz həqiqətəndə nəticələri dəyərləndirməyi bacaran, sevən, böyük qiymət verən lider kimi yadda qalacaqsınız. Eyni zamanda əməkdaşları həvəsləndirmək gəlir statistikasında müsbət irəliləyişlərə aparan vasitədir.

Menecment nədir?Nəticə

Son olaraq qeyd edək ki, uğurlu menecment siyasəti şirkətlərin, təşkilatların uğur qazanmasını hədəfləyən fərqli xüsusiyyətləri və funksiyaları ehtiva edən çoxşaxəli sistemdir. Bildirdiyimiz kimi, uğurlu idarəetmə liderlik, ünsiyyət, qərar qəbul etmə və uyğunlaşma kimi bacarıqların birləşməsini tələb edir. Şirkətlər və bu fonda iqtisadiyyatlar idarəetmə strategiyalarını stimullaşdırmağa davam etdikcə, davamlı inkişaf və rifah üçün münbit mühit yaranacaq. 

Həmçinin oxu – Google pul qazanmaq üsulları haqqında

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button