CVV2 nədir? – Niyə gizli saxlanılmalıdır?

Bank kartlarında gizli saxlamalı olduğunuz CVV2 nədir?

Günümüzdə hər ötən gün onlayn ticarət vasitəsi ilə minlərlə şirkətin məhsulları üzrə alış-satış əməliyyatları getdikcə artır. Hazırda dünya üzrə rəqəmsal alıcıların sayı 2,64 milyard təşkil edir ki, bu isə dünya əhalisinin 33,3%-ni təşkil edir. Zamanın tələblərinə sürətlə uyğunlaşmaq, həmçinin, xidmətlərin asanlaşdırılmasına dəstək olaraq, zamanı daha çox şəxsi həyatımıza, sevdiklərimizə həsr etmək əslində sevindirici haldır. Bildiyiniz kimi, onlayn ticarət əməliyyatlarında prosedurlar müxtəlif banklara məxsus debet, kredit, taksit və s. kimi kartlarla həyata keçirilir. Mütəxəssislər tərəfindən müvafiq bank kartları ilə əməliyyatlar zamanı kənar şəxslərin, kibercinayətkarların müdaxiləsinin qarşısını almaq üçün müvafiq bank kartlarına müxtəlif təhlükəsizlik elementləri əlavə edilib. Onlardan biri də CVV2 şifrəsidir. Gəlin, “CVV nədir?, “CVV2 nədir?”, “CVV və CVV2 şifrəsi nə üçün istifadə olunur” və s. kimi sualların cavablarına birlikdə nəzər salaq.

CVV şifrəsi nədir? CVV2 nədir?

Müxtəlif bank kartlarının əksərən arxa hissəsində yer alan CVV kodu ingiliscə “Card Validation Value” sözlərinin abreviaturasıdır. 1997-ci ilin yanvarından “MasterCard”ların, 2001-ci ilin yanvarından isə “Visa” kartlarının sözügedən təhlükəsizlik koduna malik olması tələbi tətbiq olundu. “Visa”, “Mastercard” və “Maestro” şirkətlərinə məxsus kartlarda 3 rəqəmli olan CVV Kodu “American Express” (Amex) kartlarında 4 rəqəmdən ibarətdir. CVV kodu hər əməliyyatda, hətta onlayn pul kisələrində və ya kart məlumatlarının saxlanması xidmətləri göstərən rəqəmsal platformalarda əməliyyatı təsdiqləmək üçün təhlükəsizlik məqsədi ilə kart istifadəçisindən tələb edilir. Kart sahibinin adı, kart nömrəsi və istifadə müddəti ilə birlikdə kartın təhlükəsiz istifadəsini təmin etmək üçün istifadə edilən CVV kodu hər bir istifadəçiyə spesifik olaraq təyin olunur. Yəni, müvafiq kodun sizin iştirakınız olmadan tətbiqi və bank hesabındakı vəsaitdən istifadə mümkünsüzdür. Odur ki, ekspertlər, banklar istifadəçilərə müvafiq kodu xüsusi zəruri ehtiyac olmadığı təqdirdə paylaşmamağı tövsiyə edir. Beləliklə, kart sahibinin xəbəri olmadan istifadə edilməsinin və saxtakarlığın qarşısı alınır. CVV kodu onlayn ödənişlərdə və alış-verişdə təhlükəsizliyi qorusa da, bankomatlar və ya POS terminallarda istifadə edilmir.

CVV kodunu necə öyrənmək olar?

Günümüzdə istifadə olunan bütün bank kartlarında CVV koduna rast gəlmək mümkündür. CVV şifrəsi ənənəvi bank kartlarının növündən asılı olaraq ön və ya arxa hissədə yerləşdirilə bilər. Rəqəmsal kartlarda isə CVV şifrəsini əldə etmək müvafiq mobil proqramlar, internet bankçılıq xidmətləri və ya kart məhsulunu təklif edən bank və ya maliyyə qurumu tərəfindən hazırlanmış digər rəqəmsal həllər vasitəsilə həyata keçirilə bilər. Fiziki şəkildə istifadə olunan bank kartlarında CVV kodun yazıldığı hissə deformasiyaya uğrayıbsa, onun yenidən öyrənilməsi mümkün deyil. Yalnız kartın yenidən bərpa edilməsi sayəsində istifadə edilə bilər. Bunun üçün müvafiq maliyyə qurumuna yəni banka müraciət etmək lazımdır.

CVV kodlarının hansı növləri var? CVV2 nədir?

CVV kodu kart xidmət təminatçıları tərəfindən fərqli adlandırıla bilər. Belə ki, müştərilər müvafiq təhlükəsizlik kodunun CVV, CVV2, CVC və ya CID kimi müxtəlif adları ilə qarşılaşa bilər. Adların dəyişməsinə baxmayaraq, hər birinin təhlükəsizliyin təmin olunması cəhətdən istifadə məqsədi eynidir. “Mastercard” və “Maestro” kartlarında CVV, “Visa” kartlarında CVV və ya CVV2, “American Express” (Amex) kartları üçün isə CID ifadəsi istifadə olunur.

CVV şifrəsindən istifadə məqsədi nədir?

CVV kodlarından istifadə etməyin əsas səbəbi saxtakarlığın qarşısını almaqdır. Beləliklə, bu kodu kənar şəxslərin müdaxiləsindən qorumaq vacibdir. Əks halda sizin bank kartıınız hesabı ilə pul köçürmələri, internet ödənişləri və s. həyata keçirilə bilər. Bundan başqa, onlayn ödənişlər zamanı uzun-uzadı 16 rəqəmli kart nömrəsini yazmaq əvəzinə sadəcə CVV kodunu daxil edərək işləri asanlaşdırmaq mümkündür. CVV kodu müvafiq kart hesabının yalnız sizə məxsus olduğunu göstərən rəqəmlərdən təşkil olunub. 

Nəticə (CVV2 nədir?, Bu məlumatı gizli saxlamaq nə üçün önəmlidir?)

Son olaraq qeyd edək ki, mütəxəssislər bank hesablarınıza və ya kartlarınıza dair istənilən növ informasiyanı, şifrələri xüsusilə tanımadığınız insanlarla paylaşmamağı tövsiyə edir. Həmçinin, sizdə bank kartınızın gizli kodlarını tələb edən saytlara müvafiq məlumatları daxil etməməyiniz məsləhət görülür. Eyni zamanda onlayn sifarişlər zamanı, ümumilikdə istənilən növ ödənişlər həyata keçirərkən mütləq şəkildə vacib dataları paylaşmamaq məqsədəuyğundur.

Həmçinin oxu – İş tapa bilməyənlər üçün pul qazanmağın yolları 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button