Bizneslərin satışlarını artıran merçendayzer nədir?

Bizneslərin satışlarını artıran merçendayzer nədir?

Belə bir ifadə var. “Xoşbəxtlik sadəcə bir ruh halı deyil, həm də ürəyinizə sevinc bəxş edən məhsullarla dolu bir alış-veriş çantasıdır.” Günümüzdə bu ifadənin hərkəsin həyatında özünəməxsus yeri var. Hər gün dünya üzrə milyonlarla insan həyatımız üçün zəruri olan qida məmulatlarından tutmuş elektronika məhsullarına qədər müxtəlif növ məhsulları əldə etməkü çün mağazalara üz tutur. Yəqin ki, bir çoxumuz təsdiqləyər ki, almaq üçün yollandığımız mağazadan əksər hallarda plana daxil olmayan məhsulları da alaraq çıxırıq. Bu isə ticarət mərkəzlərinin uğurlu formada təşkil etdiyi mağaza dizaynının, məhsulların düzülüşünün, reklamın və s. təsirindən qaynaqlanır. Bu dəfə sizə market şəbəkələrinin ayrılmaz hissəsi olan merçendayzer anlayışından danışacağıq.

Merçendayzer nədir?

Müxtəlif növ şirkətlərin satış performansının maksimuma çatdırılmasını təmin edən şəxslər merçendayzer adlanır. Onların sayəsində insanlar lazımi məhsulları ehtiyac olan anda rahatlıqla tapıb əldə edir. Dəqiqliklə desək, merçendayzerlər markaların mağazalardakı təmsilçiləridir. Onlar şirkət məhsullarının anbar vəziyyətinə və rəflərin səliqəli, gözoxşayan təşkilinə cavabdehdir. Merçendayzerlər satış meyllərini dəqiq proqnozlaşdırmaq, inventar səviyyələrini planlaşdırmaq və performansa nəzarət etmək üçün satınalma qrupları ilə əməkdaşlıq edir.

Merçendayzer nədir? Merçendayzerlər hansı işləri icra edir?

Fəaliyyət növündən asılı olmayaraq istənilən növ məhsul çeşidlərini təklif edən şirkətlər üçün merçendayzerlərlə əməkdaşlıq etmək onların satış performansında böyük rol oynayır. Mağazaların satış səviyyəsini artırmaqla yanaşı, məhsul çeşidindən və şirkətlərin gözləntilərindən asılı olaraq vəzifələr fərqlənə bilər. Ümumilikdə merçendayzerlərin vəzifə öhdəlikləri aşağıdakı kimidir:

  • Məhsulların mağazalarda müştərilərin diqqətini çəkəcək tərzdə rəflərə düzülməsini təmin etmək, rənglərin uyğunlaşmasına, düzülüşün səliqəli olmasına və s. nəzarət etmək
  • Məhsulların anbar və satış planlarının hazırlanması
  • Məhsulların anbar vəziyyətini mütəmadi olaraq yoxlamaq və müvafiq olaraq sifarişləri həyata keçirmək
  • Məhsulların qiymətlərinin düzgün formada qeyd olunması
  • Şirkətin satış hədəflərini analiz etmək və ona uyğun planlaşdırma həyata keçirmək
  • Satış və mənfəətlə bağlı proqnozlar vermək. Məhsulların düzülüşünü və bazar dəyərləndirməsini müvafiq olaraq buna uyğunlaşdırmaq
  • Satışları artırmaq üçün lazım olduqda reklamların təşkili
  • Təchizatçılarla əlaqə saxlamaq və müntəzəm görüşlər təşkil etməklə, məhsulların çatdırılma tarixlərini planlaşdırmaq
  • Sənədlərlə bağlı işləri daim diqqətdə saxlamaq
  • Mağazalar, təchizatçılar və distribyutorlarla daim əlaqə saxlamaq
  • Mütəmadi olaraq mağazalara baş çəkmək və rəfləri yoxlamaq

Merçendayzer nədir? Merçendayzer olmaq üçün hansı tələblər var?

Günümüzdə merçendayzer fəaliyyəti ilə məşğul olmaq üçün əsasən universitet təhsili tələb olunmur. Sektordan asılı olaraq bəzi şirkətlər universitetin beynəlxalq ticarət, iqtisadiyyat və s. kimi bakalavr fakültələrini bitirmiş namizədlərə üstünlük verir. Merçendayzer olmaq üçün universitet təhsili tələb olunmasa da, namizədlərdən gözlənilən bəzi xüsusiyyətlər aşağıdakı kimidir:

  • Orta məktəb məzunu olmaq
  • Effektiv ünsiyyət bacarıqlarına sahib olmaq
  • Məsuliyyətli olmaq
  • Planlaşdırılmış iş rejimi ilə çalışmaq
  • Zamanı düzgün idarə etmək
  • Problemləri müəyyən etmək və onları tez həll etmək bacarığına sahib olmaq
  • Komanda ilə çalışmaq
  • Bəzi hallarda sürücülük vəsiqəsi
  • Fərqli mağazalara baş çəkmək lazım olduğu üçün çevik iş saatlarına uyğun olmaq 

Merçendayzer nədir? Merçendayzer fəaliyyətinin hansı növləri var?

Yuxarıda qeyd etdiyimiz kimi, şirkətlər məhsulların potensial müştəriyə sürətli çatmasını təmin etmək, həmçinin, hədəflənən məqsədlərə çatmaq üçün merçendayzerlərin xidmətindən yararlanır. Merçendayzerlər də öz növbəsində müvafiq məhsulların satışını artırmaq üçün müxtəlif növ üsulları sınaqdan keçirir. Məsələn, yanaşmalardan biri olaraq, potensial müştərilərin diqqətini çəkmək üçün məhsullar pəncərə önündə yerləşdirilir. Digər aspektdən yanaşanlar isə müştərilərdə məhsula qarşı xüsusi maraq yaratmaq üçün müxtəlif işıqlandırmadan istifadə edir. Müəssisələr adətən istehlakçı davranışını dəyişdirmək üçün ticarət üsullarının birləşməsindən istifadə edir. Merçendayzerlər bütün bu kimi texnikaları öz fəaliyyətlərinə tətbqi edərək müəssisələrə satışları artırmağa, brend şüurunu yaxşılaşdırmağa və potensial müştəri kütləsi formalaşdırmağa dəstək olur. Bununla yanaşı, unutmaq olmaz ki, merçendayzerlərin fəaliyyəti sadəcə ənənəvi mağazalarda, satış nöqtələrində fəaliyyətlərlə yekunlaşmır. Onlayn ticarət əməliyyatlarına da inteqrasiya edən merçendayzer xidmətləri istənilən halda satışların artırılması məqsədinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətləri aşağıdakı formada qruplaşdırmaq olar.

Məhsula fokuslanan

Biznes fəaliyyətlərinin əsasını təşkil edən məhsul üzərindən strateji addımlar atmaq, planlaşdırma həyata keçirmək digər bütün fəaliyyətlərin əsasını təşkil edir. Bu, mağazadaxili vizual nümayişlərdən tutmuş onlayn reklamlara qədər məhsulu təşviq edən bütün biznes fəaliyyətlərinə aiddir. Beləliklə, məhsul ticarəti məhsulun təşviqi ilə bağlı bütün fəaliyyətləri özündə birləşdirir.

Görünüşə fokuslanan

Vizual nümayiş üsulları müştəriləri alış-veriş etməyə sövq etmək üçün ətraf mühitin görünüşünü dəyişdirən bir çox texnikanı əhatə edir. Ənənəvi və onlayn mağazalar öz məhsullarını tanıtmaq üçün bu strategiyanı tətbiq edir. Məsələn, mağazanın dizaynı elə təşkil edilə bilər ki, müştərilər adətən məhsullara müəyyən bir sıra ilə baxsınlar. Onlayn mağazada vebsaytda naviqasiyanı davam etdirməyə təşviq edən interaktiv qrafik istifadəçi interfeysi hazırlana bilər. 

Pərakəndə satışlar

Pərakəndə satış müştəriləri alış-veriş etməyə sövq etmək məqsədi daşıyan vizual və məhsul ticarəti üsullarını özündə birləşdirir. Məsələn, geyim satışı ilə məşğul olan müəssisə öz məhsullarını real ölçülü manekenlərdə nümayiş etdirə bilər. Bu texnika müştərilərə məhsullara sahib olmaq haqqında təsəvvür etməyə imkan verir. Eyni zamanda müştərilərin fiziki olaraq mağazaya girmədən məhsullara baxa bilməsi üçün məhsulları mağazadan kənarda göstərmək də mümkündür. 

Rəqəmsal ticarət

Rəqəmsal ticarət onlayn mağazada müştərilərin alış qabiliyyətini artıran bir çox vizual ticarət üsullarını və proseslərini əhatə edir. Vebsaytın rəng sxemləri, məhsul təsvirləri, səhifə tərtibatı və interaktiv qrafik istifadəçi interfeysləri effektivliyə müsbət təsir göstərir. Merçendayzerlər müasir dövrün trendlərinə uyğunlaşaraq bu istiqamətdə fəaliyyətlərini davam etdirə bilər.

Omnikanal ticarət

Bu ticarət üsulu bizneslərə məhsulları bir çox onlayn platformalarda nümayiş etdirməyə kömək edir. Həmçinin, oflayn müştəriləri onlayn ticarətə təşviq etməyi əhatələyir. Məsələn, ənənəvi mağazadan məhsul alan müştəri e-poçt marketinqi vasitəsilə onlayn alış-veriş üçün müəyyən endirim kodları əldə edə bilər. Nəticədə, ənənəvi mağazaya mütəmadi olaraq gələ bilməyən müştərini daha asan formada daimi müştəriyə çevirmək mümkündür.

Satışları artırmaq üçün merçendayzerlər nələrə diqqət yetirməlidir?

Müasir dövrün alıcılarının diqqətini cəlb etmək getdikcə çətinləşir desək yanılmarıq. Buna baxmayaraq, uzun illər insanlar arasında dəyişməyən alış-veriş mədəniyyəti vardır ki, bu nüanslara diqqət yetirərərək effektiv nəticə əldə etmək olar. Merçendayzerlər üçün satış səviyyəsini yüksəldən vacib məqamları təqdim edirik.

Müştərilərlə danışmaq, ünsiyyəti qorumaq mütləqdir

Müştərilər əksərən müxtəlif səbəblərdən dolayı, mağazalarda məhsulları canlı şəkildə izləmək, toxunaraq, sınaqdan keçirərək əldə etməyə üstünlük verir. Bu ənənəvi mağazalar üçün problem kimi görünməsə də, onlayn mağazalar üçün eyni şərtlər keçərli deyil. Odur ki, müştərilərlə daim ünsiyyətdə olaraq onların ən çox hansı məqamlara üstünlük verdiklərinə, həssas yanaşdıqları nüanslara diqqət yetirmək vacibdir. Bunu sindikatlaşdırılmış bazar araşdırması aparmaq, e-poçt göndərmək, onlayn və ya üzbəüz söhbət etməklə edə bilərsiniz. Məsələn, alergiya yaradan tərkibə malik məhsullardan imtina edən müştərilər üçün xüsusi başlıqlı elanların yerləşdirilməsi satış səviyyəsini artıra bilər.

Vitrinləri yeniləmək vacibdir

Mağaza məhsullarının yer aldığı vitrinlər, xüsusilə pəncərə önü olan hissələr daim yenilənməlidir. Göz önündə olan əsas vitrinlər həftədə bir dəfə , (mövsüm dəyişkənliklərindən asılı olaraq daha tez-tez ola bilər) aktual olan məhsullar dəyişdirilərək sərgilənməlidir. Onlayn mağazalarda isə saytın manşet hissəsində eyni kateqoriyaya daxil olan məhsullar yer ala bilər.

Çarpaz ticarətin həyata keçirilməsi

Böyük mağazalarda, şirkətlərdə çarpaz ticarət növü tətbiq olunur. Mahiyyəti ondan ibarətdir ki, məsələn, çimərlik geyimi almaq istəyən müştəri onunla birgə hansı məhsulu əldə etməyə maraqlı olarsa, həmin məhsulu müvafiq geyim ilə birgə nümayiş olunur. Nümunə olaraq, günəş kremlərini, eynəkləri və s. göstərmək olar. 

Məhsulu sınaqdan keçirməyi təklif etmək

İstehlakçılar məhsulları görməyi, onlara toxunmağı və əvvəlcədən sınaqdan keçirməyə maraqlıdır. Buna görə də nümunələr təklif edərək onların diqqətini çəkə bilərsiniz. Məsələn, dəriyə qulluq məhsulları satırsınızsa, onlara əldəe tmək istədikləri məhsulları təqdim edərkən yeni gələn məhsulları da sınaqdan keçirməyi təklif etməyi unutmayın.

Sosial medianın gücündən yararlanın

Sosial media kanalları istehlakçıları məhsul vebsaytlarınıza cəlb etmək və satınalma imkanlarını artırmaq üçün ən effektiv vasitədir. Bundan əlavə, əksər platformalarda ödənişli reklam variantları mövcuddur ki, bu da məhsullarınızla maraqlanan böyük bir auditoriyaya çatmağa imkan verir.

Texnoloji yeniliklərə açıq olun

Mağazanızda məhsullarınızı nümayiş etdirən, onlar haqqında ətraflı məlumatın qeyd olunduğu, yaxud kateqiriyaların yer aldığı ağıllı ekranların quraşdırılması müştərilərin alıcılıq qabiliyyətini artıran vasitələrdəndir. Eyni zamanda günün tələblərinə uyğunlaşaraq digər vasitələrin də tətbiqini sınaqdan keçirə bilərsiniz.

Merçendayzer nədir?Nəticə

Son olaraq qeyd edək ki, karyerasına merçendayzer olaraq davam etmək istəyənlər ilkin olaraq sahə üzrə araşdırmalar aparmalı, hansı istiqamətdə fəaliyyət göstərmək istədiyini müəyyənləşdirməlidir. Eyni zamanda, yuxarıda merçendayzerlərin malik olmalı olduğu xüsusiyyətləri özündə cəmləşdirmək üçün çalışmalıdır. Şirkətlər isə öz növbəsində biznes strategiyalarını müəyyənləşdirərəkən bu xidmət növündən yararlanmağı diqqətdə saxlamalıdır. 

Həmçinin oxu – Monopoliya nədir? Monopoliya bazarı nə deməkdir?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button