Bullinq nədir? Bullinqə Qarşı Necə Mübarizə Aparmaq Olar?

Bullinq nədir? Bullinqə Qarşı Necə Mübarizə Aparmaq Olar?

Dünya üzrə yaşayan insan sayı milyardlarla ölçülür. İnsanların timsalında fərqli mədəniyyətlər, irqlər, xalqlar, dinlər, güclü, zəif iqtisadiyyatlar və s. təmsil olunur. Bütün bunlar ölkələrdən və şəhərlərdən asılı olmayaraq, bütün insanların gündəlik olaraq davam edən və gələcəyə istiqamətlənən həyat yollarını formalaşdırır. İlkin olaraq dünyaya göz açdığımız ailədən başlayan həyat yolumuzda addımlayarkən bəzən müxtəlif səbəblərdən dolayı bir çox döngələrdə yubana bilirik. Bizi ləngidən səbəblər sonradan yaşamaq istədiyimiz günlərə də, hadisələrə də bizi ya gecikdirir ya da tələsdirir. Bəzən isə bir çoxlarımız elə yerindəcə dayanmalı olur, irəli getmək üçün yetərincə səbəblər tapmaq çətinləşir. Təbii ki, nəzərə alsaq ki, bizim tək həyatımız var. Onu doya-doya yaşamalı olduğumuzu unutmamalıyıq. Bizi yoran, ləngidən, qəlbimizə toxunan bütün səbəbləri geridə qoymağı bacarmalı, tam gücümüzlə irəliyə getməli və bu bənzərsiz ömür günlərinin hər anını zövq alaraq yaşamalıyıq. 

Bu dəfəki məqaləmizdə bir çoxlarımızın qarşılaşdığı, əksəriyyətimiz üçün böyük problemlər yaradan bullinqdən danışacağıq. Hansı ki, dünya üzrə statistika göstərir ki, bullinqə uğrayan insanlar arasında kifayət qədər intihar edənlər vardır.

Bullinq Nədir?

Bullinq – özünü bir çox mənalarda üstün hesab edən bir qrup şəxs və ya şəxslərin qarşı tərəfi(ləri) qəsdən narahat etmək, incitmək, aşağılamaq məqsədi ilə tətbiq etdiyi söz və ya hərəkətlərin məcmusudur. Adətən başqası üzərində daha çox təsirə və ya gücə malik olan, yaxud da başqalarının zəif və ya çarəsiz hiss etməsini istəyən şəxslər tərəfindən həyata keçirilir. Bəzən bullinqi “sevməmək”, “sevə bilməmək” və s. kimi anlayışlarla qarışdırsalar da, əslində heç də elə deyil. Çünki insanlar normal şərtlərdə sevmədikləri insana (lara) qarşı müxtəlif formalarda reaksiya verə bilirlər. Məsələn, müvəqqəti əsəbləşmək və s. Bullinq tətbiq etmək isə ümumiyyətlə icra edən tərəfin psixoloji durumunda yolunda getməyən proseslər ilə birbaşa əlaqəlidir. Əksərən məktəb, ailə mühitində baş verən bullinq fiziki, emosional və ya sosial mənalarda zərər görməyə səbəb olan aqressiv davranışların təkrarlanan forması kimi müəyyən edilir.

Bullinq Nədir? Bullinq davranışları hansılardır?

Bullinqə daxil olan davranış növlərinə aşağıdakılar daxildir:

  • Kimisə qrupdan kənarda saxlamaq (onlayn və ya oflayn)
  • Birinin yanında və ya ona qarşı xoşagəlməz hərəkətlər etmək
  • Kobud hərəkətlər etmək, lağ etmək
  • Şayiələr və ya yalanlar yaymaq
  • İrqinə, cinsinə, dininə, cinsinə və ya əlilliyinə görə kimisə təhqir etmək
  • Kimisə qəsdən və dəfələrlə fiziki cəhətdən incitmək
  • Kimisə qəsdən təqib etmək
  • Vəzifə səlahiyyətlərindən istifadə edərək, başqası üzərində güc tətbiq etmək
  • Təhqiredici, alçaldıcı ismarıclar göndərmək, sosial medada təqib etmək və s.

Bullinq Nədir? Bullinq Növləri Hansılardır?

Qarşı tərəfə müxtəlif cür zərər verə biləcək fiziki, sosial, emosional güc tətbiqini özündə ehtiva edən bullinqin növləri aşağıdakı kimidir.

Fiziki

Bu zaman tərəflərdən biri müxtəlif səbəblərdən dolayı digərinə yumruq, təpik vurmaq, qəsdən toxunmaq, tüpürmək və s. kimi fiziki güc tətbiq edə bilir. 

Sosial

İnsanları qruplardan kənarlaşdırmaq, onlara qarşı qruplar yaratmaq, yalan və ya şayiələr yaymaq kimi bir o qədər də göz önündə olmayan və gözdən kənar həyata keçirilən zorakılığı özündə ehtiva edir. 

Psixoloji

Başqalarına qarşı qərəzli yanaşmaq, psixoloji basqı göstərmək, hər hansısa qərarlar almağa vadar etmək və s. kimi hərəkətləri özündə birləşdirir.

Kiber 

İnformasiya və ya kommunikasiya texnologiyalarından istifadə edərək həyata keçirirlir. Buraya mesajlaşma, söhbət, e-poçt, sosial şəbəkələr, forumlar və s. daxildir. Oflayn bullinqlə oxşarlıq təşkil etsə də, nisbətən geniş auditoriyaya yayılması sürətli ola bilir. Həmçinin, hadisələrə səbəbkar olanlar anonim qala bilir. 

Bullinqə Uğramış Şəxsləri Necə Tanımaq Olar?

Yuxarıda sadalanılan bullinq növləri bəzən gizli bəzən göz önündə görülə biləcək formada tətbqi olunmasından asılı olmayaraq, bəzən valideynlər övladlarının, yaxud ümumiyyətlə onlara yaxın olan insanların bullinqə uğradığını aşkara çıxarmaqda çətinlik çəkə bilər.  Odur ki, bullinqə uğramış şəxslərdə müşahidə olunan bəzi davranışları təqdim edirik.

  • Şəxs özünü bir çox məqamlarda günahkar hiss edir
  • Özünü ifadə etməyə çətinlik çəkir, məsələn, nitq pozğunluğu və s.
  • Əksərən ümidsiz olur və heç bir iş bacarmayacağını düşünür
  • Ona heçkim kömək edə bilməz deyərək, özünü tənhalığa qərq edir 
  • Dostları və digər insan qrupları tərəfindən rədd edildiyini və istənilmədiyini düşünür
  • İnam hissi az, qorxu hissi güclü olur
  • Daim stresli olur
  • Yaşadığı hadisələrdən dolayı utanır, insnalarla ünsiyyət qurmaqdan qaçır və s.

Bullinq Nədir? İnsanlar Niyə Bullinq Tətbiq Edir?

Əsasən az yaşlarda məruz qalınan bullinq davranışlarına 4-6 yaşdan başlayaraq, bu uşaqların timsalında daha çox rast gəlinir. Onların bir-birləri ilə aktiv şəkildə oyunlar oynamağa başladıqları kimi, həmyaşıdları tərəfindən həm də zorakılığa məruz qalmağa başladıqları müşahidə edilir. Məktəbəqədər dövrə təsadüf edən bu dövrdə uşaqlar ünsiyyət qurmağı tam formada bacarmadıqları üçün hisslərini və düşüncələrini sözlü, emosional və ya fiziki zorakılığa əl ataraq tətbiq edirlər. Bəzən güc tətbiq edən uşaqlar davranışları ilə daha güclü hiss edirlər. Bu güclü olma duyğusundan aldıqları həzz artır və zaman keçdikcə bu davranışlar stereotiplərə çevrilməyə başlayır. Gələcək illərdə isə artıq biz bir çox yaş mərhələlərində həmin insnaların müxtəlif səviyyələrdə ətrafdakı insanlara bullinq tətbiq etməyə davam etdiklərini görə bilərik. Bununla yanaşı, bullinq tətbiq etməyə səbəb olan bir çox nüanslar ola bilər. Ailədə valideynlər, yaxud başqa qohumlar tərəfindən bulinqə uğramış uşaqlar bunu öz ətraflarına da tətbiq etməyə meyilli olurlar. İstənilən halda qaydasında getməyən hadisələr, ailə problemləri, valideynlərin qayğısız yanaşmaları, ətraf cəmiyyətin çatışmazlıqları və s. uşaqlıq illərində dərin izlər buraxa bilir ki, bu sözün əsl mənasında ciddi problemdir. 

Bullinq İntihara Səbəb Ola Bilərmi?

Müxtəlif səbəblərdən dolayı bullinqə uğrayan şəxslərdə bunun təsirləri fərqli formalarda özünü büruzə verir. Təcrübə göstərir ki, bullinqə uğramaq bəzən illərlə depresiyya düşməkdən tutmuş, intihar etməyə belə sövq edə bilir. Elə ölkəmizdə və dünyada da bullinq səbəbi ilə həyatına son verən kifayət qədər insan olduğunu qeyd edə bilərik. İlkin mərhələdə utanmaq, çəkinmək, qruplardan uzaqlaşmaq, ünsiyyətdən qaçmaq və s. ilə başlayan təsirlər sonradan ən pik hədd ilə – intihar ilə yekunlaşa bilir. Nəzərə alsaq ki, insan psixologiyası, düşüncələri onun bütün hərəkətlərini, davranışlarını həyatını idarə edir, o zaman deyə bilərik ki, insanlar asanlıqla başqalarının həyat yolunu tamamilə dəyişə bilərlər. Çalışmaq lazımdır ki, özümüzü və əzizlərimizi bunun baş verməsindən uzaq tutaraq, həmçinin, ətrafımızda da xoşagələn davranışlar sərgiləyək.

Bullinqlə Necə Mübarizə Aparmaq Olar?

Uşaq yaşlarından başlayaraq insan psixologiyasında dərin izlər buraxan bullinqlə mübarizə tədbirlərinin həyata keçirilməsi olduqca vacibdir. Qarşısının alınmaması təqdirdə, nəticələr heç də xoşagələn olmadığı hamımıza bəllidir. Bəs gəlin görək, bullinqlə mübarizə tədbirləri necə həyata keçirilməlidir?

  • Bullinqlə qarşılaşdığınız ilk andan dəstək almaqdan çəkinməyin.
  • Müşahidə etdiyiniz bullinq davranışları varsa, mütləq mənada aidiyyatı olan şəxslərə, yaxud məruz qalan şəxsin yaxınlarına bildirin.
  • Maarifləndirmə işlərinin aparılması üçün məktəblərdə, iş yerlərində və təşkilatlarda müvafiq seminar və proqramların həyata keçirilməsi vacibdir.
  • Bullinqə uğramış şəxslər üçün məsləhət xidmətlərinin təşkili önəmlidir.
  • Azyaşlıların kibertəhlükəsizliyinin (sosial media basqısından və s.) təmin olunması vacibdir. Onları bu barədə məlumatlandırmaq lazımdır.
  • Bullinqə uğramış şəxslərin psixoloq və ya psixoterapist müayinəsinə aparılması lazımdır.
  • Övladlarınıza, əzizlərinizə düzgün davranış normalarını aşılayaraq, həmçinin, tətbiq edərək, onların cəmiyyət qayda-qanunlarına uyğunlaşmasını təmin etməyin də özünəməxsus rolu var. Çünki, düzgün formada yetişdirilən övladlar bizim uğurlu gələcəyimizdir.

Nəticə (Bullinq Nədir?)

Bildiyiniz kimi bullinq davranışları hər bir halda qəbuledilməzdir. Bullinqə qarşı mübarizə müxtəlif fərdlərin, təşkilatların, məktəblərin, iş yerlərinin və digər şəxslərin birgə səyini tələb edir. Bullinqin müxtəlif formalarını və onların xoşagəlməz nəticələrini aradan qaldırmaq üçün maarifləndirmə və fəal şəkildə müdaxilə vasitəsilə, biz hər kəsin özünü təhlükəsiz, dəyərli şəxsiyyət olaraq hiss edə biləcəyi və bullinqin zərərli təsirlərindən uzaq olduğu bir dünya qura bilərik. 

Həmçinin oxu – Ən Çox Oxunan Kitablar Hansılardır?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button