Biseksual Nədir? Biseksuallıq Müalicə Oluna Bilərmi?

Biseksual Nədir? Biseksuallıq Müalicə Oluna Bilərmi?

Dünya ölkələrində fərqli mədəniyyətlərə, xarakterlərə, yaşayış tərzinə, dinə, irqə məxsus milyardlarla insan yaşayır. Yer kürəsində yaşayan hər bir canlı bənzərsiz olduğunu xatırlayaraq, bu fonda insan amilinin tamamilə standartlardan kənar həyat məqsədlərinə, istiqamətinə sahib olduğunu deyə bilərik. Yer kürəsinin ali canlıları – insanlar olaraq fərqliliklərimiz və həyat təzadları bizi bir-birimizdən fərqləndirən əsas amillərdən olsa da, əksərən bir çox məqamlarda ortaq nöqtələrdə bir araya gəlirik. Məsələn, islamı qəbul edən müsəlmanların bir ad altında birləşməsi, bir ideya ətrafında toplanmaq və s. Tarix boyu insanları bir-birindən həm fərqləndirən həm də bir araya gətirən nüanslardan biri də ayrı-ayrı cinslərə olan mənsubluqdur. Gender fərqliliyi dünyaya göz açdığımız andan etibarən həyat yolumuzu da buna uyğun formalaşdırır. Təsadüfi deyildir ki, fərqli cinslərə mənsub insanların bir-birinin həyatında böyük pay sahibi olması dünyanın yazılmayan qanunlarındandır. Sosial həyat, şəxsi sfera, karyera, uğur qazanmaq hədəfləri və s. kimi aspektlərdən yanaşsaq, görərik ki, tibb elminin təsdiqlədiyi kimi qadınlar və kişilər olaraq, məhz, bir araya gələrək bir-birimizin həyatına yeni dəyərlər qatır, həmçinin, böyük uğurlara imza atırıq. Odur ki, uzun illərdir ki, qadın və kişi münasibətləri, münasibətlərdəki problemlər, psixoloji məqamlar və s. kimi məsələlər daim diqqət mərkəzində saxlanılaraq, müzakirə edilir. Cinsiyyətlər arasındakı münasibətlərin gələcək fərdlərin yetişməsində birbaşa rol oynadığını nəzərə alsaq, məsələnin ciddiyətinin fərqinə vara bilərik. Elə bu istiqamətdə son illərdə aktual müzakirə olunan mövzulardan biri də biseksuallıq anlayışıdır. Gəlin görək, bəzən mübahisələrə, bəzən fərqli yanaşmalara doğru aparan bu anlayışın məğzi nədən ibarətdir?

Biseksual Nədir?

Təcrübə göstərir ki, biseksuallığın tərifi ilə bağlı yazılanlar və deyilənlər konseptual qarışıqlığın üstünlük təşkil etdiyini göstərir. Belə ki, biseksuallıq və ya biseksualizm həm kişi, həm də qadınlara, o cümlədən birdən çox genderə qarşı romantik, cinsi cazibə və ya seksual davranışı özündə ehtiva edir. Bir qədər detallı və müqayisəli açıqlamalı olsaq, yalnız özü ilə eyni cinsdən olan insanlara emosional və cinsi maraq duyan insanlar homoseksual, qarşı cinsə qarşı maraq duyan insanlar heteroseksual olaraq adlandırılır. Bu iki kateqoriyaya daxil olmayan və həyatlarının müəyyən dövrlərində hər iki cinsdən olan insanlarla cinsi əlaqədə olan və ya emosional əlaqə qurma potensialı olan insanlarisə biseksual olaraq müəyyən olunur. Bununla yanaşı, biseksual insanlar hər iki cinsə eyni dərəcədə maraq hiss etməyə bilər. Bu marağın dərəcəsi zaman və şəraitdən asılı olaraq dəyişə bilər. Bir müddət tamamilə homoseksual kimi davrana, daha sonra isə hər iki cinslə münasibət qura bilər. 

Biseksual Nədir? Biseksuallıq və Panseksuallıq Arasındakı Fərq

Bəzən biseksuallıq və panseksuallıq ifadələri bir-biri ilə qarışdırılsa da, əslində onlar arasında müəyyən fərqlər mövcuddur. Beləliklə, biseksuallıq birdən çox cinsə marağı özündə ehtiva edirsə, panseksuallıq isə bütün cinslərə marağı əhatə edir. Məsələn, özünü biseksual kimi qəbul edən hər hansısa şəxs öz həmcinsinə və ya sadəcə kişilərə qarşı xüsusi hisslər bəsləyə bilər. Ancaq qadınlara qarşı maraq hissi yaranmaya bilər. Panseksual olan insanların isə bütün cinslərdən olan insanlara eyni dərəcədə maraq duyması mümkündür.

Biseksual Nədir? Biseksual Olduğunu Qəbul Etmək Necə Formalaşır?

İnsanlar arasında cinsi kimlik müəyyən zaman müddətində davamlı formalaşan prosesdir. Bəzi müddəalara görə, biseksuallıq keçici mərhələdir. Əksəriyyətimiz heteroseksual olaraq formalaşdığımız üçün müəyyən müddət sonra insan öz homoseksuallığını qəbul etməzdən əvvəl hər iki cinsə qarşı emosional və cinsi cazibə hiss etdiyini və ya ondan təsirləndiyini düşünə bilər. Bu, onların gey yaxud lezbiyan olduqlarını başa düşməzdən əvvəlki mərhələdir. Bəzən uzun müddət özünü gey və ya lezbiyan hesab edən şəxslər arasında sonradan cinsi oriyentasiyasını biseksual olaraq təyin edən şəxslər də var. Biseksuallıq həmçinin, homoseksuallıq və heteroseksuallıq kimi cinsi kəşfiyyat prosesində müvəqqəti seçim və ya uzunmüddətli özünü təsdiq versiyası ola bilər. İnsan özünü tapmağa, özünü təsdiq etməyə çalışıldığı dövrdə həssaslaşır, qərar vermək bacarıqları zəifləyir. Odur ki, bu kimi hallarda müvafiq mütəxəssislə, psixoloqla məsləhətləşmək faydalı olacaqdır. 

Biseksuallığa Dair Bəzi Nüanslar

  • Biseksuallıq homoseksuallıqla müqayisədə daha çox yayılmışdır.
  • Biseksuallığa meyillilik daha çox qadınlarda rast gəlinir. Yaxud da, belə bir yanaşma da vardır ki, qadınlar biseksual olduqlarını daha asan qəbul edirlər.
  • Əksər biseksuallar cəmiyyətdə rədd edilmək qorxusundan kimliklərini gizlətməyə üstünlük verirlər.
  • Homoseksual olduqdan sonra biseksuallaşan və ya biseksual olduqdan sonra homoseksual həyatına davam edən çox sayda insan var. 
  • Biseksual olmaq kişilərə və qadınlara eyni dərəcədə meyillik anlamına gəlməz. Həyatın müəyyən mərhələsində iki cinsdən birinə daha üstün istək formalaşa bilər.

Biseksual Nədir? Biseksuallıq Müalicə Olunur?

Biseksual Nədir? Biseksuallıq Müalicə Olunur?

Əgər uzun illər öncə biseksuallığa xəstəlik kimi yanaşma şəkli mövcud idisə, müasir dövrdə bu kimi fikirlər keçmişdə qalıb desək yanılmarıq. Doğrudur ki, bəzi ailələrdə, cəmiyyətlərdə yaxud qlobal səviyyədə yanaşsaq, bir çox ölkələrdə insanlar arasında məlumat azlığı səbəbindən hələ də, cinsi oriyentasiyanın fərqliliyi qəbuledilməz hala çevrilir. Ancaq xatırlamalıyıq ki, elm təsdiq edir ki, biseksuallıq hər hansısa xəstəlik növü deyil. Biseskuallığın müalicəsi kimi təklif olunan təcrübələr vardır ki, lakin bu müalicələr əslində homoseksual və ya biseksual oriyentasiyaya malik insanlarda ciddi depressiya, narahatlıq, özünə inam itkisi və hətta intihar meyllərinə səbəb ola bilər. Əgər şəxs cinsi kimliyi ilə bağlı çaşqınlıq və ya cinsi oriyentasiyası ilə bağlı qərarsızlıq yaşayırsa, terapiya yalnız dəstəkləyici və istiqamətləndirici ola bilər. Burada önəmli olan məqam isə odur ki, insanın bu çaşqınlığı sosial səbəblərdən və ailə təzyiqindən, yoxsa həqiqətən seçim edə bilməməsindən qaynaqlanıb-qaynaqlanmamasıdır. Terapiyada bu kimi suallara cavab tapılmalı, mövcud problem qısa müddətdə aradan qalxmalıdır. Çünki, yaşadığımız həyat hər birimiz üçün bərabər yaşayış hüquqları ilə başlayır və əslində dərindən yanaşdıqda bir-birimizə mane olmadan yaşamağa çalışmalıyıq. Xüsusilə, söhbət cinsi kimlikdən gedirsə, bunun özü də olduqca həssas yanaşılacaq məsələlərdəndir. Çalışmaq lazımdır ki, insanların şəxsi kimliyinə, azadlığına xətər yetirmədən, onların həyatında mənfi mənada dərin izlər buraxmadan öz yolunda irəliləyəsən. 

Dünyada Nə Qədər Biseksual İnsan Var?

Biseksual Nədir? Dünyada Nə Qədər Biseksual İnsan Var?

Dünya Səhiyyə Təşkilatının 2016-cı il hesabatına görə, kişilərin 1,9%-i, qadınların 1,3%-i homoseksual, gey və ya lezbiyan kimi qeydiyyata alınıb. Qadınların 5,5%-i, kişilərin isə təxminən 2%-i biseksual olduğunu bildirib. Bununla yanaşı, LGBT üzvlərinin təxminən 55%-nin biseksual olduğu, yəni biseksualların LGBTQ+ icmasında yeganə ən böyük qrupu olduğu məlum olub. Ancaq dünyada LGBTQ+ insanlara qarşı hələ də qərəzli münasibət olduğunu nəzərə alsaq, müvafiq rəqəmlərin reallıqla uyuşmadığını da söyləyə bilərik. Yəni biseksual insanlar arasında hələ də, açıq şəkildə etiraf edə bilməyən, həyatına müəyyən sərhədlər daxilində davam edən yüzlərlə bəlkə də minlərlə insanlar var.

Nəticə (Biseksual Nədir?)

Yuxarıda qeyd olunan məlumatları əsas götürərək, bildirmək istərdik ki, insanları cinsiyyətinə görə ayırmaq etik qayda-qanunlara uyğunlaşmır. Hazırki elmi məlumatlara əsasən, sadəcə bir dəfə yaşamaq şansımızın olduğunu nəzərə alsaq, digərlərinin həyat şəraitinə, arzu və istəklərinə mane olmaq istənilən aspektdən yanaşdıqda, heç də xoşagələn deyil. Sevgi, qayğı və hörmət hamımızın sahib olmalı olduğu hisslərdəndir. Biseksual insanlara qarşı da bullinq tətbiq etməkdən, onları incitməkdən, onlara hörmətsizlik etməkdən çəkinməliyik. İstənilən halda insan həyatı dəyərlidir. Düşünəndə ki, bizim işlətdiyimiz sadə bir söz, cümlə bəzən ətrafımızda bəzən isə dünyanın o biri tərəfində hansısa həyatların sonlanması ilə nəticələnə bilər. Sosial medianın qlobal səviyyədə istifadəsi sonuncu cümlədəki hadisələrin real həyatda yaşanmasını qaçılmaz edib. Gəlin, sahib olduğumuz sevgi hissini paylaşaraq, həyatı doya-doya yaşayaq və yaşadaq!

Həmçinin oxu – Bullinq nədir? Bullinqə Qarşı Necə Mübarizə Aparmaq Olar?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button