Uğurlu biznes qurmaq üçün hansı addımlar atılmalıdır?

Uğurlu biznes qurmaq təkcə pul qazanmaqdan ibarət deyil, həm də fərqlilik yaratmaqdır!

Uğurlu biznes qurmaq xəyallarınıza doğru gedən yoldan başlayır!

Məşhurlardan Stiven Hokinq deyir – Həyat nə qədər çətin görünsə də, həmişə öhdəsindən gələcəyimiz və uğur qazana biləcəyimiz mütləq səbəblər var. Xatırlamaq kifayət edir ki, həyatının müəyyən mərhələsindən sonra iflic xəstəliyindən əziyyət çəkməsinə, ünsiyyət qurmaq qabiliyyətini itirməsinə baxmayaraq Yer kürəsinin və kainatın yaranması və bu günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Stiven Hokinqə məxsusdur. Bəzən pafoslu cümlələr, uğur hekayələri bizi hansısa addımlar atmağa vadar etsə də, sonradan bir çoxlarımız üçün anidən alovlanan ocağın sonrakı taleyi naməlum olur. Buna görə də, harada sonlanacağını bilmədiyimiz həyat yolunun hər döngəsini öz uğur tablolarımızla, xoşbəxt anlarımızla bəzəməyə çalışmalıyıq. Bunun üçün isə, başladığımız bütün yollarda ilham aldığımız səbəbləri öz xəyallarımızla birləşdirməliyik. Çünki, ürəyimizi həyəcanla döyündürən səbəblər olmadan getdiyimiz yoldakı mənzərələrdən, qarşımıza çıxacaq insanlardan, hadisələrdən zövq ala bilmərik. Düzgün dəyərləndirmə aparmağımız çətin olar. Təbii ki, hamımızın eyni addımları atması, eyni uğurlara imza atması ehtimallar cəhətdən yanaşdıqda da mütləq görünmür. Həmçinin, bu formada irəliləməsi şərti xarakter daşımır. Hər birimiz hər sahədə uğurlu olacağıq, olmalıyıq deyə məcburi həyat öhdəliyimiz yoxdur. Lakin, istənilən halda “Kim uğurlu olmaq istəməz?”, “Kim xəyal etdiyi həyatı yaşamaq istəməz?”, “Kim dünyanın ən azından yarısını gəzmək istəməz?”… Bu sualların siyahısı sonsuzdur desək yanılmarıq. Həyatlara, həyat şərtlərinə, arzulara, insanlara görə dəyişən hədəflər, planlar, məqsədlər, xoşbəxtlik anlayışı var. Hər bir insanın həyatı boyunca ən azı bir dəfə də olsa biznes qurmaq xəyalı olur. “Financial Times”də yayımlanan son məlumatlara görə, hazırda dünya üzrə təxminən 582 milyon sahibkar var. Bütün kiçik müəssisələrin təxminən 50%-i ilkin mərhələdə fəaliyyətinə evdən başlayıb. Xüsusilə, Kovid 19 pandemiyasının tüğyan etdiyi zamanlarda uzaqgörən ideya müəllifləri zamanı və hadisələri öz xeyrlərinə dəyişməyi bacardı. Elə bunun təsiri idi ki, 2020-ci ildə qida sənayesi 12% artım tempi göstərdi. Digər xidmət sektorları da öz növbəsində gəlirlərini artırmağı bacardı. Biznes sahiblərinin isə xüsusi standartlara cavab verən xüsusiyyətlərinin olmadığı qeyd olunur. Belə ki, statistikaya əsasən, müvafiq biznes sahiblərinin 15%-nin fərqli istiqamətləri əhatələyən kollec təhsili, 32%-nin bakalavr dərəcəsi, yalnız 13%-nin isə magistr dərəcəsi var. Bu kimi məlumatları getdikcə daha da artırmaq olar. Eyni zamanda, araşdırmalar apardıqca məlum olur ki, insanlar özlərini daha güclü hesab etdikləri sahələrdə mütləq şəkildə hədəflədikləri nəticələri zamanla əldə edə bilir. Bəs gəlin görək biznes qurmaq üçün ilkin olaraq hansı məsələlərə diqqət yetirmək laızmdır?

Öz biznesini qurmaq istəyənlər nə etməlidir?

İdeya yaratmaq, uğur yolunu xəyal etmək qulağa xoş və rahat səslənsə də, işə başlamaq, addım atmaq da bəzən bir o qədər də çətin gələ bilər. Hərşeydən öncə, biznes liderliyi üzrə natiq Simon Sinekin sözləri ilə desək, bütün addımlarınıza “Niyə?” sualı ilə başlamaq işlərinizi nisbətən rahatlaşdıracaq. Çünki, verəcəyiniz cavablar bu işə həqiqətən də, hansı səbəblərdən başladığınızı sizə xatırladaraq motivasiyanızı yüksək tutaraq, cəmiyyətə qatacağınız yeni dəyərləri yaddaşınızda və davranışınızda özünü əks etdirəcək. Unutmaq olmaz ki, istənilən işdə, təhsildə, hətta hobbilərinizdə belə ruh yüksəkliyi böyük önəm daşıyır. Sıfırdan yaxud müəyyən mərhələdən başlamağınızdan asılı olmayaraq istənilən halda ideyaları müəyyən bir biznes sahəsinə çevirmək müəllifdən uzaqgörən olmağı, yeniliklərə açıq olmağı, sahibkarlıq formasından asılı olaraq biznes analitikasından anlayışlı olmağı və s. kimi xüsusiyyətləri tələb edir. Beləliklə, başlamazdan öncə sektor və bazar araşdırmaları aparmaq, marketinq strategiyalarını inkişaf etdirmək, sahə üzrə ixtisaslaşmaq üçün təlim proqramlarına qoşulmaq və s. kimi addımların atılması məqsədəuyğundur. Gəlin, ümumilikdə bəzi addımlar üzrə planlama mərhələlərinə nəzər salaq.

BİZNES PLAN QURMAQ VƏ AD SEÇİMİ

Şəxsi brendini yaratmağın ilkin mərhələsi plan tərtib etməkdən və uğurlu ad seçimindən başlayır. “Business by Dezign” şirkətinin sahibi Stephanie Desaulniers sahibkarları mütləq şəkildə biznes planı yazmağı və ya yeni brendə düzgün ad seçimi ilə bağlı beyin fırtınası keçirməyi şiddətlə tövsiyə edir. Burada biznes məqsədlərinizi, istifadə edəcəyiniz strategiyaları müəyyənləşdirərək, rəqiblərinizi təhlil edə və hədəf auditoriyanıza lazımi aspektlərdən yanaşa bilərsiniz. Bu, gələcək aylarda yaxud illərdə həyata keçiriləcək işlər və gözlənilən nəticələri qeyd etməyə, daha sonra isə müəyyən dövrlərdə, rüblüklərdə hesabat apararaq, effektivliyə hansı dərəcədə nail olunduğunu nəzərdən keçirməyə imkan verəcək. İstənilən halda planlama qurmaq görəcəyiniz işin nədən ibarət olmasından asılı olmayaraq hədəflənən nöqtəyə çatmağı stimullaşdırır.

Sahibkarlıq fəaliyyəti üçün biznes planı hazırlayarkən diqqət yetirilməli olan vacib məqamlar

Biznes qurmaq planlaması

Fəaliyyət göstərəcəyiniz sektoru seçməli və müvafiq sahəni hər aspektdən təhlil etməlisiniz. Eyni zamanda bu sahənin cari bazar standartlarına uyğunlaşmasına xüsusi diqqət yetirməlisiniz. Şərtlərə uyğun olmayan üzvlərin bazarda nəinki yer tutmağı çətinləşir, hətta rəqibləri tərəfindən sıradan çıxır.

Sahibkar olaraq şirkət yaradılması, fəaliyyəti baxımdan əməliyyatların həyata keçirilmə prosedurlarına yaxından bələd olmalısınız.

Hansı məhsul və xidmətləri satacağınızı müəyyən etməli və onları biznes planınıza daxil etməlisiniz.

Sənayedəki rəqiblərinizlə bağlı araşdırmalar, təhlillər apararaq məlumatları biznes planına daxil etməlisiniz.

Korporativ xidmətlər göstərən şirkətiniz üçün korporativ vebsayt, elektron ticarət sahəsində fəaliyyətə başlamağı hədəfləyirsinizsə, satışlarınızı idarə etmək, stimullaşdırmaq baxımdan müvafiq istiqamət üzrə saytınızı yaratmalısınız.

Sosial medianın günümüzdəki rolunu nəzərə alaraq, strategiyalar müəyyənləşdirməli və hədəf auditoriyanıza hansı kanallar vasitəsilə çata biləcəyinizi müəyyənləşdirməlisiniz.

Mütləq şəkildə aylıq, həftəlik və ya gündəlik satış/xidmət hədəfləri yaratmalısınız.

Biznes planı hazırlayarkən siz həmçinin mümkün böhran və riskləri müəyyən etməli və qabaqlayıcı strategiyalar hazırlamalısınız.

Hədəf auditoriyanızda rəqiblərinizdən daha güclü təsir yaratmaq üçün hansı marketinq üsullarından istifadə edə biləcəyinizi planlaşdırmalısınız.

Brendinizə rəsmi şəkildə sahib olmaq, şirkət yaratmaq mərhələsi

Müştərilərinizə təqdim etdiyiniz xidmət və ya məhsullardan asılı olmayaraq fəaliyyətin rəsmiləşdirilməsi vacibdir. Müasir dövrdə insanların daha çox rəsmi brendlərə, əməliyyatların rəsmi şəkildə həyata keçirilməsinə xüsusi önəm verdiyini nəzərə alsaq, müştərilərinizin satış əməliyyatlarınızdan sonra faktura tələb edəcəyini diqqətdə saxlamalısınız. Faktura yazmaq və biznesinizi rəsmiləşdirmək üçün fərdi sahibkarlıq, səhmdar cəmiyyəti və ya məhdud cəmiyyət yarada bilərsiniz. Fərdi sahibkarlıq yeni biznes qurmaq istiqamətində fəaliyyətə başlayanlar üçün üstünlük verilən alternativlərdən biridir. Adətən bu istiqamətdə prosedurıar daha az zaman və xərc aparır.

Sərmayə əldə etmək imkanlarını dəyərləndirmək

Şəxsi brendini yaratmağa hazırlaşan və bu istiqamətdə artıq hərəkətə keçən sahibkarlar üçün bəzən investisiya mənbəyi tapmaq həyati əhəmiyyət daşıyır. Çünkü, biznes qurmaq ideyası üzərində işlərə başlayarkən, zaman keçdikcə hədəflər böyüyür. İşlərin axsamadan irəliləməsi üçün tələb olunan sərmayəni qarşılamaqda çətinlik çəkən biznesmenlər etibarlı kapital mənbəyini tapmağa çalışmalıdır. Müasir dövrdə istər dünyada, istərsə də ölkəmizdə kiçik sahibkarlara dəstək məqsədi ilə mələk investorlar klubları fəaliyyət göstərir. Burada sahibkarlar peşəkar mütəxəssislərin mentor olduğu təlimlərdə iştirak edir, əlverişli biznes mühitində çalışmaq imkanı qazanır, həmçinin, tanınmış investorlarla tanış olmaq, investisiya cəlb etmək imkanı əldə edirlər.

Nümunə

Ölkəmizdə Lütfizadə Texnologiya Mərkəzinin həyata keçirdiyi “No Code”, “Akselerasiya”, “Mələk İnvestorlar Klubu” layihəsi bu istiqamətdə ən uğurlu layihələrdən hesab olunur. Daha dəqiqliklə izah etsək, müxtəlif şirkətlərin həyata keçirdiyi “No Code” İnkubasiya proqramında ideya müəllifləri startap yaratmaq imkanları ilə yaxından tanış olaraq, ekspert dəstəyi ilə öz brendini yaratmaq imkanı qazanır. “Akselerasiya” proqramları isə artıq öz biznesini quran sahibkarlar üçün inkişafı, böyüməni stimullaşdırmağa dəstək olur, yeni yolları kəşf etməyi təmin edir. “Mələk İnvestorlar Klubu” isə sahibkarları daha böyük biznes sahibləri ilə tanışlığq, yeni investisiya axınına təşviq edir. Eyni zamanda sahibkarlar araşdırma apararaq dövlət qrantlarından, faizsiz kredit dəstəyindən, bank kreditlərindən, müxtəlif təşkilatların maliyyə dəstəyindən və s. yararlana bilər. 

Sektor və bazar araşdırmasını aparmaq

Şəxsi brendini yaradarkən bazar və ya müvafiq sektor üzrə araşdırmalar aparmaq, mümkün riskləri görmək gəlirləri artırmaq və inkişaf etmək baxımdan vacib faktordur. Bazarın gücünü qiymətləndirmək, rəqiblərinizin müsbət və mənfi cəhətlərini təhlil etmək biznesinizin gələcəyi ilə bağlı dəqiq proqnozlar verməyə dəstək olacaq. Beləliklə, lazımi və perspektivli addımlar ataraq biznesinizi inkişaf etdirə bilərsiniz.

Uğurlu biznes qurmaq üçün düzgün partnyor seçimi etmək

Perspektivli biznes qurmaq üçün düzgün tərəfdaş müqabilinin seçilməsi önəmlidir. Partnyor seçərkən, tərəfdaşın təcrübə sahəsi, kapitalı dəstəkləmək potensialı, biznes təcrübəsi və kifayət qədər güclü olub-olmaması kimi amilləri nəzərdə saxlamalısınız. Bununla yanaşı, biznes tərəfdaşları bir-birindən fərqlənir. İnvestisiyanızı dəstəkləmək cəhətdən tutmuş sizə bu sahə üzrə öz tövsiyələrini verəcək, sizinlə hədəflər planlarınızda birgə addımlayacaq həmin şəxsi və ya şəxsləri seçərkən maksimum şəkildə biznes yönümlü düşünməyə çalışmalısınız. Necə deyərlər, bazara daxil olmaq ipin üzərində qaçmağa bələd olan kəndirbazla yarışmağa bənzəyir. Xırda bir səhv hərşeyə sıfırdan başlamağınıza səbəb ola bilər. 

Peşəkar dəstəyindən yararlanaraq biznes qurmaq

Uğurlu biznes qurmaq üçün yaradacağınız brendin növündən, istiqamətindən asılı olmayaraq mütləq şəkildə bu sahə üzrə və ya sahəyə yaxın peşəkar mütəxəssis, ekspert dəstəyindən yararlanmaq tövsiyə olunur. Bəzən eşidəcəyimiz hər hansısa söz, tövsiyə, təcrübə indiki və ya gələcək addımlarımızda bütün qaydaları öz xeyrimizə dəyişməyə şərait yaradır.

Düzgün marketinq strategiyası qurmaq

Şəxsi brendinizi yaratdıqdan sonra vacib məsələlərdən biri müştəri auditoriyasını formalaşdırmaq və ya həmin kütləni öz markana doğru yönəltməkdir. Sosial media reklamları, “Google”da açar sözlərdən düzgün istifadə, sponsorlu reklamlar kimi rəqəmsal marketinq üsulları müştərilərə tez çatmağın ən təsirli yollarındandır. Xərc və büdcə təhlilindən sonra marketinq strategiyası müəyyənləşdirərək müvafiq addımları atmalısınız. Buraya, həmçinin, biznesinizə uyğun vebsaytın yaradılması da daxildir. Unutmaq olmaz ki, hazırda dünyada hadisələrin axarı bəzən bir klikə görə dəyişə bilir.

Sahənizdə ixtisaslaşmaq önəmlidir

Məşğuliyyət sahənizdən asılı olmayaraq, müştərilərinizin səviyyəsini qorumaq və ya daha da artırmaq, həmçinin, bazarda brendinizlə keyfiyyət və kəmiyyət ölçüsü ilə fərqlənmək üçün ixtisaslaşmaq vacibdir. Fəaliyyət sahənizə uyğun müvafiq təlimlərdə iştirak edərək, eləcə də, rəqəmsal marketinq, SEO, “Instagram” və “Facebook” reklamları, sosial media marketinqi və “Google” reklamları üzrə maariflənmək yeni sahibkarlar üçün faydalı hesab olunur.

Yeni ideyalara, fikirlərə açıq olmaq

Yaratmağa başladığınız və ya artıq müəyyən mərhələləri keçdiyiniz biznes fəaliyyətinizdə inkişaf etmək üçün daim biznes mühitində olmağınız vacibdir. Korporativ tədbirlərə qoşulmaq, sizinlə eyni istiqamətdə işlər həyata keçirən sahibkarlarla görüşmək, inkişafınızı stimullaşdıracaq bütün imkanları dəyərləndirmək işlərinizi daha da asanlaşdıracaq. Bu zaman sizə təklif olunacaq yeni fikirlərə, təkliflərə açıq olmaq brendinizi daha fərqli zirvələrə, inkişafa aparacaq. 

Kiçik büdcə ilə biznes qurmaq ideyaları

Standart ofis rejimlərindən, arzu etmədiyimiz işlərdə çalışmaqdan uzaqlaşmaq, xəyal etdiyimiz sahələrdə məşhurlaşmaq, qabiliyyətlərimizi üzə çıxarmaq, şəxsi brendimizi yaratmaq istəyi … Siyahını uzatsaq sonsuz istəkləri, xəyalları qeyd edə bilərik. Təcrübə göstərir ki, dünyada əksər biznes markalarının arxasında daha öncə dəfələrlə iş müsahibələrindən kəsilən, bir çox yerlərədn rədd cavabları alan, bəzən sadəcə evdən fəaliyyətə başlayan və s. kimi şəxslər dayanır. Xatırlamaq yerinə düşər ki, KFC-nin qurucusu Harland David Sanders ABŞ-da müxtəlif əyalətlərində yerləşən restoranlara özünəməxsus dada malik toyuq reseptini təklif edərək 1009 dəfə rədd cavabı alıb. Lakin o, bu xəyalından imtina etmədən dünyanın ən böyük fəst-fud restoran şəbəkələrindən biri olan KFC-ni qurdu və bütün dünyanın yemək vərdişlərini dəyişdirdi. Ancaq bu o demək deyilki, bütün markalar ancaq uğursuzluqlarla fəaliyyətə başlayıb. Yaxud da qazanmaq üçün mütləq şəkildə öncə böyük itkilərə, rədd cavablarına hazır olmalısan. Sadəcə olaraq yadda saxlamaq lazımdır ki, böyük xəyallarınız üçün böyük addımlar atmaq üçün daim cəsarətli, inamlı olmağı seçməlisiniz. İndi isə gəlin görək, kiçik büdcə ilə hansı istiqamətlər üzrə biznes qurmaq olar?

Böyük sərmayə tələb etməyən bizneslər

Dünyada böyük büdcəyə sahib olmadan öz biznesini yaradan kifayət qədər insan var. Onlar arasında zaman keçdikcə əldə olunan xırda gəlirləri böyük rəqəmlərə çevirənlər də az deyil. Bu yolda addımlamaq istəyənlər üçün fəaliyyət göstərə biləcəkləri istiqamətləri qruplaşdırdıq. Odur ki, aşağıda adları qeyd olunan sahələr üzrə araşdırmalar apararaq inkişaf edə bilərsiniz.

Xidmət sektoruna dair iş sahələri

Günümüzdə süni intellektin tətbiq dairəsinin qlobal səviyyədə genişlənməsi artıq dünyanın bir tərəfindən digər ucuna qədər əlaqələrimizi genişləndirməyə, bunun əsasında isə qabiliyyətlərimiz fonunda çalışmağımıza, işimizi qurmağa şərait yaradır. Kiçik markalardan tutmuş böyük brendlərə qədər istənilən şirkətin ehtiyacı olan bəzi xidmət növləri vardır ki, məsafədən həmin işləri icra edərək gəlir qazanmaq mümkündür. 

Sərbəst rejim əsasında: Məzmun yaratmaq, qrafik dizayn, İT xidmətləri, sosial medianın idarə edilməsi və ya rəqəmsal marketinq kimi sahələrdə frilanser olaraq iş xidmətlərinizi təklif edə bilərsiniz. “Fiverr”, “Upwork”, “Simply Hired”, “Crowded”, “The Creative Group”, “Designs”, “Nexxt”, “Writer Access”, “TaskRabbit”, “Skyword”, “Designhill”, “Freelancer” və s. kimi saytlar bu qəbildəndir. 

Mentor, ekspert dəstəyi göstərmək: Müəyyən bir sahə üzrə kifayət qədər təcrübəniz varsa, sahibkarlara və ya fiziki şəxslərə məsləhət xidmətləri təklif etməyi düşünə bilərsiniz. 

Onlayn mağazalar

Son dövrlərdə, xüsusilə Kovid 19 pandemiyasından sonra insanlar arasında onlayn xidmətlərə dair maraq kəskin formada artmağa başladı. Bu fürsətdən yararlanaraq öz brendini yaradan, bazarda tanıdan kifayət qədər sahibkar oldu. Onlardan biri də, “ViralOff” idi. Belə ki, yalnız həkimlərdə gördüyümüz cərrahi maskalar pandemiya dövründə həyatımızın bir parçasına çevrildi. Maska istifadəsinin artması ilə bunu fürsətə çevirən şirkət iki saat ərzində viruslardan 99% qoruyan ​​parçaya malik, həmçinin, yuyulduqdan sonra təkrar istifadə edilə bilən maska nümunələrini  təqdim etdi. Nəticədə, insanlar büdcələrinə qənaət edərək virusdan qorunmağa başladılar. Odur ki, mövcud şəraiti düzgün qiymətləndirərək, bazara daxil olmaq mümkündür. Xüsusilə onlayn mağazaların timsalında bunu etmək hazırda daha perspektovli hesab olunur. Onlayn mağazalar yaratmağın bir çox nümunələri var.

Elektron ticarət: Etsy, eBay və ya Amazon kimi platformalar vasitəsilə məhsul satmaqla onlayn mağaza işlətməyə başlaya bilərsiniz. Eyni zamanda, “Dropshipping” də nisbətən risk səviyyəsi aşağı olan alternativlərdən biridir. 

Affiliate marketinq: Müxtəlif markalara məxsus məhsul və ya xidmətlərin reklamını edərək gəlir qazandıran fəaliyyət növüdür. 

Müxtəlif məzmunlar yaratmaq

Günümüzdə sosial medianın həyatımızda böyük pay sahibi olması bu istiqamətdə frilans iş imkanlarının da aktuallaşmasına gətirib çıxarır.

Sosial media kontentləri yaratmaq : “Instagram”, “Facebook”, “Tiktok”, “Youtube” üzrə şəxsi maraqlarınıza, yaxud mövcud bazar şərtlərinə uyğun səhifələr yaradaraq öz auditoriyanızı formalaşdırmaq mümkündür. Nəticədə sizinlə əməkdaşlıq etmək istəyən müxtəlif şirkətlərin reklam məzmunlarını, videolarını da paylaşaraq gəlir əldə edə bilərsiniz.

Podkastlar yaratmaq: Məlumatlı olduğunuz sahələr üzrə podkastlar yaradaraq gəlir qazanmaq hazırda daha əlverişlidir. İnsanlara faydalı gələ biləcək mövzulara toxunmaq, həmçinin, xarici dillərə meyl etmək, nisbətən sevilən mövzulara və ya məlumatların az olduğu sahələrə müraciət etmək məqəsədəuyğundur.

Onlayn repetitor xidməti

Dövrümüzdə abituriyentlərdən tutmuş öz ixtisası üzrə inkişaf etməyi hədəfləyən şəxslərə qədər əksər insanlar onlayn dərslərə üstünlük verir. Zamana, xərclərə, enerjiyə qənaət etmək baxımdan bu cür inkişaf daha əlverişli hesab olunur. Odur ki, insanlara bilikli olduğunuz sahələr, fənnlər üzrə dərs xidmətlərinizi təklif edin. Bundan əlavə, buraya onlayn idman, rəqs, rəsm və s. kimi sistemli dərslərin təklifi də daxildir. 

Ev üsulu ilə hazırlanan məhsulları təklif etmək

Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, bütün insanları “doğma dad” adı altında birləşdirən böyük dəyərlər var. Hara getsək də, harada yaşasaq da sevdiyimiz dadları, alışdığımız geyimləri, rəngləri və s. gözümüz axtarır. Odur ki, bu həsas sevgini öz brendinizə çevirmək olduqca uğurlu olacaqdır. Məsələn, evdə hazırlayacağınız şirniyyatlar, xörəklər, içkilər, yaxud, toxunma paltarlar, yetişdirilən otaq bitkiləri və s. daim insanların diqqətini cəlb edəcəkdir. Düzgün qiymət, reklam strategiyası qurduqdan sonra yeni biznes fəaliyyətinizə başlamaq prosesi özünüzə də sürətli gələcəkdir.

Yuxarda adları sadalananlarla yanaşı, yüzlərlə fərqli fəaliyyət sahələri mövcuddur ki, maraq və planlama olduqdan sonra müxtəlif istiqamətlər üzrə biznes qurmaq işləri daha əlaçatan olur.

Azərbaycanda biznes qurmaq üçün hansı prosedurlardan keçmək tələb olunur? Sənədlər toplusu

İlk olaraq qeyd edək ki, ölkəmizdə biznes qurmaq istəyən sahibkarlar üçün növbəti mərhələlərdə işlərin rəvan getməsi üçün rəsmi sənədləşmə prosedurlarına diqqəy yetirmək önəmlidir. Biznesin (Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyəti, MMC) qeydiyyat prosesini başa çatdırmaq üçün investor zəruri olan sənədlər toplusunu təqdim etməlidir, o cümlədən:

  • Ərizə forması – Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən forma. Həm də notarial qaydada təsdiq edilməlidir.
  • Təsis sənədləri – cəmiyyətin nizamnaməsi, MMC-nin yaradılması və qanuni nümayəndənin təyin edilməsi haqqında onun səhmdarlarının qərarı.
  • Səhmdarlar və təsisçilər haqqında məlumat – təsisçilərin şəxsiyyət vəsiqələri və pasportları. Sahibkarlar və ya səhmdarlar xarici hüquqi şəxslər olduqda, Əsas Nizamnamə, Memorandum və Ticarət Reyestrindən Sertifikat tələb olunur.
  • Səhmdar cəmiyyətin qanuni nümayəndəsi (direktoru) olmadığı hallarda qanuni nümayəndənin notarial icazəsi.
  • dövlət qeydiyyatı rüsumunun və nizamnamə kapitalının ödənilməsini təsdiq edən qəbz. Yeni MMC-nin rəsmi qeydiyyat rüsumu 11 manatdır (AZN) və qeydiyyatdan əvvəl əvvəlcədən ödənilməlidir. Xarici hüquqi şəxsin nümayəndəlik və filiallarının qeydiyyatı üçün dövlət rüsumu 220 manat (AZN) təşkil edir. Nizamnamədə nəzərdə tutulmuşdursa, kapital cəmiyyətin qeydiyyata alınmasından sonra üç ay ərzində ödənilməlidir.

Bütün bu sənədlər Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin qeydiyyatı şöbəsinə təqdim edilməlidir.

Rəsmi qeydiyyatdan keçdikdən sonra faktiki biznes qurmaq fəaliyyətinə başlamazdan əvvəl praktikada aşağıdakı hərəkətlər edilməlidir:

  • Qanuni nümayəndə üçün Mobil İmzanın (ASAN İmza) əldə edilməsi;
  • Şirkət üçün korporativ möhürün alınması;
  • Elektron vergilər sistemi vasitəsilə vergi şəhadətnaməsinin surətinin seçilmiş banka təqdim edilməsi və kapitalın depozitə qoyulması ilə bank hesabı açılması. Azərbaycanda bank hesabı açmaq biznesin qurulması üçün zəruridir. Müştərilər və biznes sahibləri/investorlar korporativ bank hesabı olduqda kommersiya əməliyyatlarını daha asan həyata keçirə bilərlər. Bundan əlavə, bu, sahibkarlara şəxsi və biznes maliyyələrini ayırmağa kömək edir. Şirkət qeydiyyatdan keçdikdən sonra 3 ay ərzində bank hesabı açmaq və şirkətin kapitalının 100 faizini depozitə qoymaq tələb olunur.
  • Qanuni nümayəndənin əmək müqaviləsinin əmək müqaviləsi bildirişlərinin dövlət reyestrində qeydiyyatı.

Azərbaycanda sahibkarlıq subyektlərinin aşağıdakı növləri var.

Ölkəmizdə biznes investoru aşağıdakı sahibkarlıq subyektlərindən birini seçə bilər:

  1. Mikro sahibkarlıq subyekti (1-10 işçi)
  2. Kiçik sahibkarlıq subyekti (11-50 işçi)
  3. Orta sahibkarlıq subyekti (51-250 işçi)
  4. İri sahibkarlıq subyekti (251 və daha çox işçi)

Ölkəmizdə şirkət açmağın hansı növləri var?

ASC – Açıq Səhmdar Cəmiyyət

Nizamnamə kapitalı emissiya qiymətli kağızlar yəni səhmlər hesabına formalaşan kommersiya təşkilatı Açıq Səhmdar Cəmiyyət adlanır. Açıq Səhmdar Cəmiyyəti bir və ya bir neçə şəxs və ya hətta şirkət tərəfindən qeydiyyata alına bilər. 

QSC – Qapalı Səhmdar Cəmiyyət

Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən, maksimum üzv sayı 50 fiziki və ya hüquqi şəxs olan cəmiyyət Qapalı Səhmdar Cəmiyyət adlanır. 

MMC – Məhdud Məsuliyyətli Cəmiyyət

Bir və yaxud bir neçə şəxslər (fiziki yaxud hüquqi şəxs) tərəfindən təsis edilərək, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda hissələrə bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət adlanır. Nizamnamə kapitalındakı paya uyğun olaraq əldə olunan gəlir hissədarlar arasında bölünür.

MMM – Məhdud Məsuliyyətli Müəssisə

Bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən təsis olunan, Nizamnamə fondu təsis müqaviləsi ilə hissələrə bölünən kommersiya təşkilatıdır.

İB – İstehsalat Birliyi

İstehsalat birliyi müəyyən bir sənaye sahəsinin və bu sekorda çalışan insanların hüquqlarını dəstəkləyən və qoruyan birlik növü kimi müəyyən edilir.

BM – Birgə Müəssisə

Birgə müəssisə (BM) iki və ya daha çox müstəqil şirkət və ya təşkilatın müəyyən bir layihə üzərində əməkdaşlıq etmək və ya ümumi məqsədə nail olmaq üçün bir araya gəldiyi biznes razılaşmasıdır.

Ölkəmizdə bütün kateqoriyalar üzrə fəaliyyət göstərən yetərincə fərqli şirkətlər vardır. 

Nəticə

Son olaraq qeyd edək ki, biznes qurmaq şərtləri şəxslərə görə subyektiv olaraq dəyişir. Yəni, bir zamanlar bazara daxil olan “Mcdonalds”, “KFC”, “Loreal” və s. kimi markalardan sonra eyni maraqlara xidmət edən yüzlərlə brendlər bazara daxil oldu. Ölkəyə, bazarlara görə dəyişən şərtlər əsasında fəaliyyət göstərən həmin şirkətlərin tanınmış brendlərə meydan oxuması və bir o qədər də uğurlu olması digər tərəfdən bazar qaydalarına tab gətirməyən brendlərin də sıradan çıxması qədər reallığa uyğundur. Odur ki, xəyalınız varsa onu mütləq şəkildə biznes brendinizə çevirmək üçün əlinizdən gələn bütün üsulları sınaqdan keçirməkdən çəkinməyin.

Həmçinin oxu – Pul qazanmağın yolları

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button