Rezidentura nədir? Rezidenturaya qəbul imtahanları necə həyata keçirilir?
Rezidentura nədir? Rezidenturaya qəbul imtahanları necə həyata keçirilir?
Müəyyən yaş dövrünə çatdıqdan sonra insanlar öz təhsil və karyera yolları ilə bağlı seçimlər etməyə başlayır. Bəzən isə bu yolun başlanğıcı elə məktəb vaxtlarından, bəzən isə fərqli istiqamətlərdə, ixtisaslarda bacarıqlarını yoxladıqdan sonra özünü büruzə verir. İstənilən halda qərar verməzdən öncə yüz ölçüb bir bişməkdə fayda var. Müasir karyera bazarının və sosial həyatın rəqabətə meyilli, yeniliklərə açıq olduğunu nəzərə alsaq, zamanın dəyərini düzgün qiymətləndirib doğru istiqamətlərə yönəlmək faydalı olacaqdır. Təbii ki, seçimlər edərkən xəyallarımıza, bacarıqlarımıza uyğun hədəflər müəyyənləşdirmək vacib məqamlardandır. Müəyyən peşə shaələri vardır ki, bu sahələrə yönələn şəxslər uzun illər bu yola başlamaq üçün hazırlaşır. Məsələn, tibb sahəsi. Həkim, cərrah, stomotoloq və s. olmaq üçün ölkəmizdə bakalavr təhsilinin müddəti 6 ildir. Uzun müddətliliyi, ixtisasın nisbətən məsuliyyətliliyi və çətinliyi namizədlərdən maksimum şəkildə diqqətli olmağı tələb edir. Tibb təhsili almış şəxslər zaman keçdikcə öz bilik və bacarıqlarını dərinləşdirmək üçün müxtəlif kurslara, təcrübə proqramlarına qoşulur və ya təhsillərinə davam edirlər. Bu dəfəki məqaləmizdə isə mövzunun aktuallığını nəzərə alaraq, tibb təhsilinin daha yüksək forması olan Rezidenturadan danışacağıq.
Rezidentura nədir?
Rezidentura tibb iхtisasları üzrə baza ali təhsilini tamamlayan namizədləri mütəxəssis olaraq yetişdirən təhsil pilləsidir. Bir qədər açıq desək, rezidentura təhsili səhiyyə sahəsində ixtisaslaşmaq istəyən mütəxəssislər üçün tibb fakültəsi zamanı əldə edilmiş təməl biliklər ilə müxtəlif tibb ixtisasları üçün tələb olunan peşəkar təcrübə bacarıqlarının qazanılması arasında körpü rolunu oynayır. Namizədlər bakalavr təhsilinə tam şəkildə yiyələnərək, bilik və bacarıqlarını bu formada genişləndirir. Müasir dövrdə sürətli inkişaf və süni intellekt bütün sahələrə inteqrasiya etdiyi kimi, səhiyyə sahəsinə də təsirsiz ötüşməyib. Odur ki, günümüzdə tibb sahəsində peşəkarlaşmaq üçün təhsil pilləsinin bütün mərhələlərinə daha dərindən yiyələnməyə önəm verilir. Məhz, rezidentura mərhələsi də bu məqamda tibb nümayəndələrinin köməyinə çatır.
Rezidentura nədir? Rezidentura təhsili nədir?
Rezidentura təhsili tibbin fərqli istiqamətləri üzrə iki ildən beş ilə qədər zaman aralığını əhatə edir. Ali tibb təhsili almış şəxslər və ya xarici ölkələrdə təhsil almış və ali tibb sahəsində müəyyən edilmiş qaydada xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış namizədlər təhsil almaq hüququna malikdir. Rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. Namizədlərin rezidenturaya qəbul proseduru Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin öhdəliyindədir.
Rezidenturaya qəbul imtahanları necə həyata keçirilir?
Rezidenturaya qəbul imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələ üzrə həyata keçirilir.
- Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı
- İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar. Namizədin təhsil aldığı əsas (baza ali) tibb təhsili istiqamətindən asılı olaraq, imtahan aparılan baza və ixtisas fənləri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. İmtahanların məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyənləşdirilir. Bundan başqa, vacib nüanslardan biri də var dır ki, belə ki, qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş namizədlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahan müddəti 30 dəqiqə olmaqla artırılır.
Rezidentura nədir? Rezidenturaya ərizə qəbulu necə həyata keçirilir?
Rezidentura nədir? Rezidenturaya ərizə qəbulu necə həyata keçirilir? Rezidenturaya qəbul üçün hansı sənədlər tələb olunur?
Rezidenturaya qəbul üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirmiş və ya cari tədris ilində bitirən bütün namizədlərdən Mərkəz tərəfindən elan edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etmələri tələb olunur. Digər namizədlər müsabiqədə iştirak etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və aşağıdakı sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
- Şəxsiyyət vəsiqəsi, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
- Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxardakı sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər;
- Əsas (baza ali) tibb təhsili haqqında sənəd və ya ona əlavə;
- Xarici ölkələrdə ali təhsil almış şəxslər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədlər;
- Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
Rezidentura nədir? Rezidenturaya ixtisas seçimi necə həyata keçirilir?
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar. Namizəd sərbəst şəkildə bitirdiyi əsas (baza ali) tibb təhsili istiqamətinə müvafiq olan ixtisas seçimlərini edərək, onları istədiyi ardıcıllıqla elektron ərizəsindəki ixtisas seçimi formasına daxil edir və təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdirilir.
Rezidentura nədir? Ölkəmizdə rezidenturaya qəbullar hansı ixtisaslar üzrə aparılır?
Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar aşağıdakılardır.
Müalicə işi, pediatriya
- Anesteziologiya-reanimatologiya
- Ümumi cərrahiyyə
- Neyrocərrahiyyə
- Plastik cərrahiyyə
- Ürək-damar cərrahiyyəsi
- Uşaq cərrahiyyəsi
- Otorinolarinqologiya
- Travmatologiya-ortopediya
- Onkologiya
- Urologiya
- Oftalmologiya
- Mamalıq-ginekologiya
- Psixiatriya
- Nevrologiya
- Daxili xəstəliklər
- Kardiologiya
- Nefrologiya
- Qastroenterologiya
- Hematologiya
- Dermatovenerologiya
- Allerqologiya və immunologiya
- Yoluxucu xəstəliklər
- Revmatologiya
- Endokrinologiya
- Narkologiya
- Fizioterapiya və tibbi bərpa
- Ftiziatriya
- Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
- Pediatriya
- Şüa terapiyası
- Şüa diaqnostikası
- Sosial gigiyena və səhiyyənin təşkili
- Tibbi mikrobiologiya
- Tibbi genetika
- Ailə təbabəti
- Nüvə təbabəti
- Uşaq və yeniyetmə psixiatriyası
- Neonatologiya
- Uşaq endokrinologiyası
- Uşaq kardiologiyası
- Uşaq nefrologiyası
- Uşaq nevrologiyası
- Uşaq qastroenterologiyası
- Uşaq urologiyası
- Uşaq yoluxucu xəstəlikləri
- Uşaq ürək-damar cərrahiyyəsi
Stomatologiya
- Üz-çənə cərrahiyyəsi
- Sosial gigiyena və səhiyyənin təşkili
- Endodontiya
- Parodontologiya
- Restorativ stomatologiya
- Ortopedik stomatologiya
- Uşaq stomatologiyası
- Ortodontiya
Tibbi profilaktika
- Sosial gigiyena və səhiyyənin təşkili
- Gigiyena
- Tibbi mikrobiologiya
- Laboratoriya işi
- Epidemiologiya
- Yoluxucu xəstəliklər
Rezidentura nədir? Rezidenturaya qəbullar zamanı müsabiqə şərtləri necədir?
Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır. Namizədlərin yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisasların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
- əsas (baza ali) tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
- baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal ;
- Ümumi balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir;
- Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir.
Rezidentura nədir? Rezidentura təqaüd proqramları
Tibb təhsilinin bütün pillələrini uğurla tamamlamaq istəyən namizədlər rezidentura dərəcəsi üzrə xaricdə təqaüdlə təhsil almaq üçün bir çox proqramları dəyərləndirə bilər. Hazırda ABŞ, Sinqapur, Almaniya, İsveçrə, Kanada və s. kimi ölkələr beynəlxalq tələbələrə bu istiqamət üzrə yüksək səviyyəli rezidentura təhsili vəd edən ölkələr sırasında yer alır. İndi isə gəlin təqaüd proqramları ilə tanış olaq.
AMA Foundation Physicians of Tomorrow Scholarship
AMA Foundation universitetin son kurslarında olan beynəlxalq tələbələr üçün 12 kateqoriya üzrə müxtəlif təqaüd proqramlarından yararlanmaq şansı yaradır.
Fulbright Foreign Student Program
Bu təqaüd proqramı əcnəbi tibb məzunlarına ABŞ-da rezidentura təhsili almaq fürsəti təqdim edir.
İlk növbədə Oksford Universitetində aspirantura təhsili ilə tanınsa da, Rodos Təqaüdləri rezidentura təhsili ilə maraqlanan məzunlar üçün təqaüddən yararlanmaq imkanı təqdim edir.
Erasmus Mundus Joint Master Degrees
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus təqaüdləri müxtəlif istiqamətlər üzrə təhsil alamq istəyən beynəlxalq tələbələrin ixtiyarındadır.
Nəticə (Rezidentura nədir?)
Rezidentura təhsili səhiyyənin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmaq istəyən məzunların mütəxəssis kimi formalaşmasında mühüm rol oynayır. Eyni zamanda öz işini peşəkar formada icra etmək istəyənlər, həmçinin, səhiyyə sektorunda fərqlənməyi hədəfləyənlər üçün rezidentura təhsilini tamamlamaq işləri daha da asanlaşdıracaq. Namizədlərin dövrün tələblərinə, həmçinin, təhsil keyfiyyətinə və s. kimi amilləri nəzərə almaqla, araşdırmalar apardıqdan sonra, müvafiq ixtisas, universitet seçimi gerçəkləşdirmələri məqsədəuyğundur.
Həmçinin oxu – Kreatinin nədir?