Depozit kartları və üstünlükləri 

Depozit kartları və üstünlükləri 

Müasir bank sistemləri fəaliyyət istiqamətlərinin zənginliyi ilə fiziki və hüquqi şəxslərin maliyyə əməliyyatlarının həyata keçirilməsini, pul vəsaitlərinin idarə edilməsini asan və sürətli şəkildə təmin edir. Buraya debet kartların əldə olunmasından tutmuş, ölkələrarası pul köçürmələrinə qədər bütün prosedurlar daxildir. Həyata keçirilən əməliyyatların müxtəlifliyi fonunda müştərilər tərəfindən müvafiq maliyyə institutlarında yaradılan bank hesablarını aşağıdakı formalarda qruplaşdırmaq olar.

  • cari hesablar;
  • cari subhesablar;
  • ssuda hesabları;
  • əmanət (depozit) hesabları;
  • müxbir hesablar.

Depozit Nədir?

Günümüzdə depozitlər (əmanətlər) fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, bütün bank müştəriləri üçün əməliyyatların həyata keçirilməsində mühüm rol oynayır. Beləliklə, daha da aydınlaşdırsaq, əmanət (depozit) hesabları bank əmanəti (depozit) müqaviləsinə əsasən müştərilərin əmanətlərinin uçotu, pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi və müvafiq əməliyyatların aparılması üçün açılır. Müvafiq müqavilə şərtlərinə əsasən müştəri (fiziki və ya hüquqi şəxslərin) müəyyən olunmuş müddət daxilində, faiz dərəcələri ilə birgə bank hesabında öz pul vəsaitini yerləşdirir. Növbəti mərhələdə vəsaitin yerləşdirildiyi maliyyə qurumu müştəriyə müəyyən faiz ödənişləri ödəyir. Beləliklə, öz pul vəsaitlərini bankda əmanət şəklində saxlayan müştəri passiv şəkildə gəlir qazanmağa nail olur. Hesab sahibinin müqavilədə qeyd olunan şərtlərə əsasən müəyyən edilmiş formada və zamanda depozit şəklində yerləşdirilmiş vəsaiti geri götürmək, başqasının hesabına köçürmək hüququ vardır. 

Depozit Kartı Nədir?

Depozit kartları rahatlığı, təhlükəsizliyi və əlçatanlığı bir arada birləşdirərək, istifadəçilərə əməliyyatlar aparmaq, alış-veriş etmək, depozit vəsaitlərinə çıxış əldə etmək, həmçinin, depozitlər üzrə faizlərin əldə olunması üçün nəzərdə tutulmuş debet kartdır. Bu kartlar vasitəsi ilə depozit hesablarına yerləşdirilən əmanətlər üçün illik hesablanan bank faizlərini depozit kart vasitəsi ilə rahatlıqla nağdlaşdıra və ya nağdsız əməliyyatlar zamanı istifadə etmək mümkündür.

Depozit Kartlarının Üstünlükləri

Depozit kartları müasir dövrdə isifadəçilər üçün pul vəsaitlərinin idarə edilməsi fonunda əlverişli şərait yaradır. Gəlin görək, bu kartlardan istifadə etmək müştərilərə hansı üstünlükləri vəd edir.

Rahatlıq və əlçatanlıq

Depozit kartları istifadəçilərə öz vəsaitlərinə 24/7 çıxış əldə etmək imkanları yaradaraq, rahatlıq vəd edir. Vəsaitlərin nağdlaşdırılmasından tutmuş, alış-veriş etmək və ya balansı onlayn formada idarə etməyə qədər depozit kartları müasir həyatın sürətli inkişaf tempinə uyğunlaşaraq, əlçatanlılıq səviyyəsini təmin edir.

Təhlükəsizlik təminatı

Depozit kartları PİN kodlar, EMV çip texnologiyası və fırıldaqçılığa nəzarət sistemləri daxil olmaqla kifayət qədər güclü təhlükəsizlik xüsusiyyətləri ilə təchiz olunub. Beləliklə, sürətlə dəyişən rəqəmsal dünyada istifadəçilər üçün əməliyyatların təhlükəsizliyi tam şəkildə təmin edilir.

Büdcənin idarə olunması

Depozit kartlarından istifadə büdcənin effektiv idarə olunmasını asanlaşdırır. Kart sahibləri onlayn bankçılıq vasitəsilə real vaxt rejimində xərclərini izləyərək, onlara əsaslandırılmış maliyyə qərarları qəbul edə bilərlər.

Kredit tarixçəsini yaxşılaşdırır

Bəzi depozit kartları müştərilərin kredit tarixçəsini yaxşılaşdırmağa dəstək olur. Biznes sahibləri, yaxud qəfildən yaranan maliyyə ehtiyaclarını qarşılamağa çalışan şəxslər üçün bu imkan olduqca önəmli nüansdır. Belə ki, zaman keçdikcə istifadəçilərin əmanət balansının formalaşması fonunda yaranan müştəri etibarı onların kredit əldə etmək imkanlarını gücləndirməyə şərait yaradır. 

Depozit Hesabını Açmaq Üçün Tələb Olunan Sənədlər

Ölkəmizdə əmanət (depozit) hesabının açılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

Dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər, hüquqi şəxslərin filial, nümayəndəlik və digər ayrıca bölmələri üçün: 

  • Ərizə (Əlavə №– 1);
  • Dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının icazə məktubu;
  • Bələdiyyənin, hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti. Müvafiq dövlət hakimiyyəti orqanının aktı ilə təsdiq olunmuş nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən dövlət orqanı nizamnamənin (əsasnamənin) müvafiq aktla təsdiq olunduğunu subut edən sənədi təqdim edir;
  • Dövlət qeydiyyatı haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti (bələdiyyələr və hüquqi şəxslər üçün).

Ailə kəndli təsərrüfatı üçün:

  • Ərizə (Əlavə №– 1);
  • Müvafiq ərazi üzrə uçota alındığı bələdiyyə tərəfindən verilmiş vəsiqənin notariat qaydasında təsdiq edilmiş surəti;
  • Ailə kəndli təsərrüfatın başçısının şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
  • Müvafiq dövlət sosial sığorta orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
  • İmza nümunəsi vərəqəsi.

Fiziki şəxslər üçün:

  • Şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
  • İmza nümunəsi vərəqəsi.

Depozit Kartlarının Əldə Olunması

Ölkəmizdə fəaliyyət göstərən banklara yaxınlaşaraq müştərilər öz depozit (əmanət) hesablarını aça bilər. Hər bir bank təşkilatı əmanətlərin yerləşdirilməsi siyasətini öz fəaliyyət prinsipləri əsasında həyata keçirir. Buraya müştərinin minimum depozit balans məbləğinin müəyyənləşdirilməsindən tutmuş, faizlərin müəyyənləşdirilməsi, vəsaitlərin əldə olunması, köçürülməsi və s. kimi əməliyyatlar daxildir. Ölkəmizdə əmanət hesabı açaraq, depozit kartları əldə etmək üçün aşağıda adları qeyd olunan banklara müraciət etmək kifayətdir. Həmçinin, müvafiq banklarda əmanətlərin (depozitlərin) yerləşdirilməsi, depozit kartlarının əldə olunması ilə bağlı şərtlər toplusu ilə bank adlarının üzərində qeyd olunan linklərə keçid etməklə tanış ola bilərsiniz.

Depozit Növləri

Depozitlər müddətinə, faizlərin hesablanmasına, vəsaitin çıxarılması və əlavə edilməsi və s. kimi imkanlarına görə müxtəlif qruplarda təsnifatlaşdırırlır. Gəlin, ilkin versiyada depozit növləri ilə tanış olaq.

Tələbli depozit

Bank hesabında müştərinin qeyri-müəyyən vaxta qədər yatırım edərək, yerləşdirdiyi vəsaitlər tələbli depozit adlanır. Müştəri əmanət hesabındakı vəsaitlərini bankdan, onun bankomatlarından və ya bankın təqdim etdiyi debet kartından istifadə edərək istənilən vaxt sərbəst şəkildə istifadə edə bilər. Mənfi məqamlardan biri isə odur ki, bu əmanət növündə ən aşağı fazi gəliri hesablanır.

Müddətli depozit

Tələbli depozitdən fərqli olaraq, bu əmanət növündə müqavilə öncədən müəyyənləşdirilmiş vaxta qədər imzalanır. Buna müvafiq olaraq məbləğə uyğun faiz dərəcələri də hesablanır. Müddətdən öncə vəsaitlərin əldə olunması ilə bağlı müraciət edildikdə, gəlir faizlərinin əldə olunması çətinləşə bilər. Ancaq qeyd edək ki, bu əmanət növündə maliyyə qurumları tərəfindən müəyyənləşdirilmiş maksimum məbləği ehtiva edən faiz gəliri hesablanır. 

Uzunmüddətli və qısamüddətli depozitlər

Müddətli depozitlər qısamüddətli və uzunmüddətli olmaqla iki qrupa bölünür. Qısamüddətli depozitlər altı aylıq dövrü əhatə edir. Bu zaman gəlir qazanmaq imkanları da nisbətən azalır. Uzunmüddətli depozitlərdə isə bir ildən başlayaraq, müştərinin istəyinə uyğun olaraq uzun illəri ehtiva edə bilir. Qeyd edək ki, müddət uzandıqca faiz gəlirinin səviyyəsi də paralel olaraq artır.

Qeyd

Mövcud əmanətlərin yerləşdirilməsi ilə bağlı imzalanmış müqavilənin müddəti başa çatdığı təqdirdə əmanətçi əsas məbləği və hesablanmış faizləri əldə etməzsə, əmanətin müddəti əlavə xüsusi tələblərin qoyulmaması halında avtomatik olaraq eyni müddəalar qüvvədə qalmaq şərti ilə avtomatik olaraq uzadılır.

Nəticə

İlkin mənada depozit hesabları və bu fonda müştərilərə təqdim olunan depozit kartları istifadəçilərə olduqca rahat, əlçatan, sürətli maliyyə hərəkətliliyi vəd edir. Beləliklə, alış-veriş etmək, pul vəsaitlərinin idarə olunması, nağdlaşdırılma və s. kimi əməliyyatların həyata keçirilməsində mühüm rol oynayır. Ölkəmizdə banklar müxtəlif faiz gəlirlərinin qazanılması fonunda müştərilərə əmanətlərini yerləşdirmək üçün sərfəli şərtlər təklif edir. Bunun üçün yuxarıda adları qeyd olunan bankların rəsmi saytlarına daxil olaraq, yaxud əlaqə nömrələri vasitəsi ilə məlumat ala bilərsiniz.

Həmçinin oxu – Visa Kart Nədir Və Üstünlükləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button