İstiqraz nədir? – İstiqraz növləri və üstünlükləri
İstiqrazlar şirkətə və ya hökumətə müvafiq faiz ödəmələri qarşılığında borc verilən investisiya qiymətli kağızlardır.
Dünya maliyyə bazarı müxtəlif ölkələr, şirkətlər və ya təşkilatlar vasitəsi ilə həyata keçirilən əməliyyatlar fonunda borc verənlərin və borcalanların kapitalına olan tələb və təklifi, həmçinin, pul vəsaitlərinin birja hərəkətinə təsir göstərən digər bütün iqtisadi prosesləri özündə ehtiva edən sistemi formalaşdırır. Müasir dövrün maliyyə bazarları özünəməxsus inkişaf sürəti, bazar iştirakçıları, yenilikçi istiqamətləri ilə seçilir. Əməliyyatlar müxtəlif şirkətlər, banklar, digər kredit və maliyyə təşkilatları, birjalar əsasında həyata keçirilir.
Maliyyə bazarı öz-özlüyündə kredit kapitalı bazarı, valyuta bazarı, qiymətli kağızlar bazarı, sığorta və təkrarsığorta bazarı, qiymətli metal bazarı ilə təmsil olunur. Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir. Sözügedən sənəd sahibləri mülk hüquqlarına, həmçinin, müəyyən pul məbləğlərinin, gəlirlərin alınması istiqamətində hüquqa sahib olur. Pullu qiymətli kağızlar bazarının nümayəndələri arasında istiqraz vərəqələri, veksellər, pul çekləri yer alır. Bu dəfəki məqaləmizdə “İstiqraz nədir?” sualı ətrafında bəzi nüanslara aydınlıq gətirəcəyik.
İstiqrazlar müəyyən olunmuş zaman aralığında şirkətə və ya hökumətə müvafiq faiz ödəmələri qarşılığında borc verilən investisiya qiymətli kağızlardır. Kommersiya və ya kapital bazarı qanunlarına uyğun olaraq hazırlanan istiqrazlar müxtəlif şirkətlərin və ya dövlətin gəlir qazanmaq məqsədi ilə buraxdığı, hər il müəyyən faiz gəliri qazandıran, alınıb satıla bilən və risk ehtimalı ən aşağı olan qiymətli kağızlardır. Bununla yanaşı, istiqrazlar üzrə ödəmə müddəti bir ildən çox zamanı əhatə edir. İstiqrazların buraxılış şərtləri müvafiq ölkələrin və ya bazarların fəaliyyət göstərmə qayda-qanunlarına uyğun olaraq dəyişir. Buraxılma regionundan asılı olmayaraq bütün istiqrazların ortaq xüsusiyyətlərindən biri budur ki, dövlət istiqrazları müştərilər üçün daha az risk vəd edir. Lakin, müxtəlif şirkətlərin fəaliyyət keçmişinə, istiqrazlarla bağlı həyata keçirdiyi əməliyyatlar tarixinə nəzər salmaqla bu istiqamətdə addım atıb-atmayacağınızı dəqiqləşdirə bilərsiniz. Çünki, dövlət istiqrazları nisbətən daha risksiz gəlir mənbəyi rolunu oynasa da, eyni zamanda, bu istiqrazlar üzrə mənfəət dərəcəsi, yəni faiz dərəcəsi aşağıdır. İstiqrazların faiz gəlirliliyi artdıqca paralel olaraq risk dərəcəsi də yüksəlişə doğru irəliləyir. İstənilən halda daha az itkilərlə üzləşmək üçün, yaxud ümumiyyətlə mükəmməl şəkildə maliyyə hədəflərinə çatmaq üçün daha az risklərə doğru yox, daha perspektivli seçimlərə doğru irəliləmək tövsiyə olunur. Bunun üçün peşəkar mütəxəssislərin məsləhətlərindən yararlanmaqda yaxud sadəcə kiçik araşdırmalar aparmaqda fayda var. Eyni zamanda, cəmiyyətimizin dəyişməyən qanunlarından biri də budur ki, zirvələrə qalxmaq üçün itirdiklərin üçün heyfislənməməlisən.
İstiqraz nədir? Səhm nədir? Onlar arasında hansı fərqlər var?
İstiqrazlar və səhmlər maliyyə bazarlarında gəlir qazanmaq məqsədi ilə investorların üz tutduğu əsas maliyyə alətləridir. Bu iki qiymətli kağız arasında oxşar xüsusiyyətlərlə yanaşı fərqli nüanslar da vardır. Daha doğru qərar vermək baxımından onlar haqqında bəzi məqamlara diqqət yetirməkdə fayda var.
- Səhmdarlardan fərqli olaraq, istiqraz sahibləri emitent şirkətin mənfəət və zərər riski ilə bağlı hər hansısa öhdəlik daşımır.
- İstiqraz sahibləri şirkət iflas etdikdə və ya ləğv edildikdə səhmdarlar qarşısında debitor borclarını əldə edir.
- İstiqrazların sabit gəliri olsa da, səhmlərin gəlir səviyyəsi dəyişkəndir.
- İstiqraz sahibləri şirkətə xarici kapital təqdim edərkən, səhmdarlar şirkətin nizamnamə kapitalının bir hissəsinə sahibdir.
- İstiqraz sahiblərinin şirkətin idarə edilməsində iştirak etmək hüququ olmasa da, səhmdarlar onlara verilən bütün tərəfdaşlıq hüquqlarından yararlana bilər.
- İstiqraz sahibləri debitor borclarını aldıqdan sonra şirkətin aktivləri ilə bağlı hüquqlarını avtomatik olaraq itirir. Səhmdarlar isə şirkətlərin tərəfdaşları rolunda çıxış edir.
İstiqrazlara investisiya yatırmağın üstünlükləri
Sabit gəlir
İstiqrazlara investisiya yatırmağın əsas üstünlüklərindən biri onların sabit gəlir axınını təmin etməsidir. Bu isə uzaqgörən investorlar, dsiplinli maliyyə planlaması üçün effektiv metodlar arasında yer alır.
Daha az risk ehtimalı
Sabit gəlir qazanmağı təmin edən istiqrazlar səhmlərdən daha az riskli olması ilə tanınır. Beləliklə, gözlənilməz nəticələrdən yan keçmək üçün istiqrazları ən etibarlı maliyyə “dostu” kimi qəbul etmək olar. Bundan əlavə, istiqrazlar çox vaxt güclü kredit reytinqi olan şirkətlər və ya hökumətlər tərəfindən buraxılır ki, bu da defolt riskini azaldır.
Vergi üstünlükləri
İstiqrazlar üzrə qazanılan faizlər digər investisiya gəlirlərindən daha aşağı vergi ödənilməsini tələb edir.
Ölkəmizdə istiqrazların buraxılması necə tənzimlənir?
İstiqrazları buraxan şəxs emitent adlanır. Kommersiya təşkilatları, banklar və ya dövlət orqanları emitent rolunda çıxış edə bilər. Fiziki şəxslərin emitent olaraq prosedurlara daxil olmaqlarına icazə verilmir. Onlar yalnız başqalarının qiymətli kağızları üzrə alış-satış əməliyyatlarını həyata keçirə bilər. Ölkəmizdə istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün emitent Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) aşağıdakı sənədləri təqdim etməlidir:
- istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün ərizə;
- istiqrazların emissiyası haqqında qərar;
- emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və təsis sənədlərinin notariat qaydada təsdiq olunmuş surətləri;
- istiqrazların emissiya prospekti (buraxılış emissiya prospekti ilə müşayiət olunursa);
- istiqrazlar sənədli formada buraxıldıqda, istiqraz sertifikatının nümunəsi;
- emissiya prospektinin qeydiyyata alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
- təmin edilmiş istiqrazlar üzrə verilmiş təminatın qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini təsdiq edən sənəd.
Bütün sənədlərin müəyyən edilmiş qaydada təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günü müddətində QKDK istiqrazların buraxılışını dövlət qeydiyyatına alır və ya dövlət qeydiyyatından imtina edir.
İstiqrazlar üzrə əməliyyatlar necə həyata keçirilir?
İstiqrazların ticarəti banklar, broker firmaları vasitəsilə həyata keçirilir. Onların qiymətləri müxtəlif amillərdən asılı olaraq dəyişə bilər. İstiqrazın qiyməti ümumiyyətlə emitentin faiz dərəcələri ilə tərs mütənasibdir. Faiz dərəcələri isə şirkətin və ya ölkədə maliyyə bazarında risk faktorlarına təsir edən hadisələrdən asılı olaraq dəyişir. Faiz dərəcələri yüksəldikcə mövcud istiqrazların qiyməti aşağı düşür. Eyni zamanda bunun əksinin müşahidə olunması da mümkündür. Bununla belə, bu qiymət dəyişikliyi emitentin istiqraz üçün ödəyəcəyi əvvəlcədən müəyyən edilmiş kupon faiz məbləğini dəyişmir.
İstiqrazın ödəmə müddətinin sonunda emitent investorun pulunu geri ödəyir. İstiqrazlar üzrə ödəniləcək məbləğ, onların alınmasına sərf olunan məbləğdən çoxdur. Emitent həmin müəyyən olunan müddət ərzində sabit faiz gəliri ödəyir. İstiqrazlar təkrar satıla bilər ki, bu halda onların müəyyən etdiyi məbləği ödəyəcək şəxs dəyişmir. Əksinə vəsaiti alacaq şəxs dəyişir.
İstiqrazların hansı növləri var?
İstiqrazlar fiziki şəxslər və təşkilatlar üçün vəsaitlərini nisbətən daha az risklərlə investisiya edərək bazarda fərqli mövqeləri gücləndirməyə imkan verən maliyyə alətlərindən biridir. Gəlirlilik şərtlərindən tutmuş hansı müddətləri əhatə etməsinə qədər istiqraz növləri müxtəlifdir. Gəlin, istiqrazlar növləri, onların əsas xüsusiyyətləri, üstünlükləri və digər məlumatlarla yaxından tanış olaq.
Emitentin sahibinə görə istiqraz növləri
- Dövlət istiqrazları
- Şirkət istiqrazları
- Xarici istiqrazlar
Dövlət istiqrazları
Hökumət tərəfindən dəstəklənən dövlət istiqrazları ən təhlükəsiz maliyyə alətlərindən biridir. Dövlət istiqrazları qısa, orta və uzun müddətli olur. Ödəniş müddətləri müxtəlif olub, eyni zamanda, maksimum 1 il olan xəzinə vekselləri qısamüddətli istiqrazlara aiddir. Ortamüddətli öhdəliklərin ən geniş yayılmış növü ödənilmə müddəti maksimum 10 il zaman aralığını əhatə edən xəzinə notlarıdır. Uzunmüddətli öhdəliklər isə xəzinə istiqrazlarıdır. Müvafiq olaraq, göstərilən növlər üzrə ödənilən faizlər də müxtəlifdir. Ödəniş müddəti azaldıqca paralel olaraq faiz dərəcəsinin səviyyəsi də aşağıya düşür.
Şirkət istiqrazları
Şirkət istiqrazları müxtəlif müəssisələrin öz kapital dövriyyəsini gücləndirmək, artırmaq və qazanc yollarını artırmaq maraqlarına xidmət edir.
Xarici istiqrazlar
Xarici istiqrazlar fərqli ölkələrdə fəaliyyət göstərən dövlət qurumlarına və ya hüquqi şəxslərə məxsus olan qiymətli kağızlardır. Sözügedən istiqrazlar əsasında əmıliyyatlar ayrı-ayrı ölkələrdə beynəlxalq maliyyə bazarları və ya bilavasitə həmin ölkələrin maliyyə bazarları vasitəsi ilə tənzimlənir.
Müddətindən asılı olaraq buraxılan istiqrazlar
İstiqrazlar investorlara bizneslərinin inkişaf yolunda qarşıya çıxacaq maneələri dəf etmək, həmçinin, yeni həllərə çıxış əldə etmək üçün lazımi münbit şəraiti yaradan vasitələrdən biridir. İstiqrazlara investisiya yatırarkən nəzərə alınmalı əsas amillərdən biri onların ödəmə müddətidir. Ödəmə müddəti istiqraz emitentinin istiqraz sahibinə əsas məbləği ödəməyə borclu olduğu mərhələni ehtiva edir. Dövriyyə müddətinin müəyyən olunmasına görə istiqrazlar iki yerə ayrılır.
Dövriyyə müddəti qabaqcadan müəyyən edilən istiqrazlar
Dövriyyə müddəti qabaqcadan qəti müəyyən edilməyən istiqrazlar
Dövriyyə müddəti qabaqcadan müəyyən edilən istiqrazların 3 növü var.
- Qısamüddətli istiqrazlar;
- Ortamüddətli istiqrazlar;
- Uzunmüddətli istiqrazlar.
Dövriyyə müddəti qabaqcadan qəti müəyyən edilməyən istiqrazların isə 2 növü var.
- Müddətsiz istiqrazlar və ya dəyəri geri ödənilməyən istiqrazlar;
- Geri çağrıla bilən istiqrazlar;
- Dövriyyə müddəti uzadıla bilinən istiqrazlar.
Asanlıqla nağd pula çevrilə bilən istiqrazlar
Hər bir istiqraz sənədinin üzərində müvafiq zaman müddəti qeyd olunur. İxtiyari səbəblərdən dolayı zamanın bitməsini gözləmədən istiqrazları faizləri ilə birgə nağd pula çevirmək də mümkündür. Bu qəbildən olan istiqrazlar asanlıqla pula çevrilən istiqrazlar adlandırılır.
Premium və nominal istiqrazlar
İlkin olaraq vurğulayaq ki, nominal qiymətləndirmə qiymətli kağızın üzərində qeyd olunan, ilkin bazar dəyəridir. Müvafiq göstərici bazar dəyərindən yuxarı və ya aşağı səviyyələri əhatə edərək fərqli olması ilə xarakterikdir. Nominal istiqrazlar isə nominal dəyəri ilə yerləşdirilən və ya təkrar bazarda satılan istiqrazdır. Əksər hallarda sözügedən istiqrazlar borcun azaldılması, keçmiş borcun aşağı faiz dərəcəsinə və ya uzun ödəniş müddətinə malik yeni nominal istiqraz ilə dəyişdirilə bilməsi üçün bir alternativ şans rolunu oynayır. Üzərində qeyd olunan dəyərdən yaxud nominal dəyərdən aşağı məbləğə bazara təqdim olunan istiqrazlar mükafatlı istiqrazlar adlandırılır.
Adlı və adsız istiqrazlar
Üzərində ad qeyd olunan istiqrazlar adlı, hər hansısa ad əks olunmayanlar isə adsız istiqraz adlanır. Adlı istiqrazlara dair hüquqlar müvafiq şəxsdən başqa digər şəxslərə ötürülə bilinməsə də, adsız istiqrazlara sahib olan şəxs istiqrazları nağdlaşdırmaq hüququna malikdir.
Bonus istiqrazları
Bu növ istiqrazlar maliyyə gəlirlərinin davamlılığını təmin etmək və ya daha çox satış etmək üçün nəzərdə tutulub. İstifadəsi bir o qədər də geniş yayılmayıb desək yanılmarıq.
Sabit və dəyişkən faizli istiqrazlar
Bazarda tələb və təklifə görə müəyyən edilən istiqrazlar dəyişkən faizli istiqrazlar adlandırılır.
Əksərən dövriyyə müddəti 1 ildən 3 ilədək zamanı əhatələyən istiqrazlar isə müvafiq bazarda sabit faizli istiqrazlar olaraq yer alır. Sabit faizli istiqrazlar təqdim olunduğu andan müəyyən faiz dərəcəsi ilə müntəzəm gəlir qazanılmasını təmin edir. Faiz dərəcəsi istiqrazın qüvvədə olduğu zamana uyğun olaraq müəyyən edilir. Dəyişkən faiz dərəcələri olan istiqrazlar üçün isə faiz səviyyəsi öncədən razılaşdırılmış faiz dərəcəsinə istinad olunaraq dəyişə bilər.
Zəmanətli və zəmanətsiz istiqrazlar
Banklar, müxtəlif maliyyə qurumları və ya digər özəl şirkətlər tərəfindən buraxılaraq, həmçinin, təhlükəsizliyinə təminat verilən istiqrazlar zəmanətli istiqrazlar, bunun əksinə olaraq standart şərtlər əsasında bazara təqdim olunan istiqrazlar isə zəmanətsiz istiqrazlar adlanır.
İndeksləşdirilmiş istiqrazlar
İnflyasiya indeksli istiqraz əsas borc və faiz ödənişlərini müəyyən nisbətdə sabit qiymət göstəricisinə indeksləşdirməklə investorun əmanətlərinin inflyasiya nəticəsində zədələnməsinin qarşısını almağı hədəfləyən investisiya alətidir. Beləliklə, istiqrazın əsas məbləği qızıl və xarici valyuta kimi investisiya alətlərinə əsasən artırılaraq həmin şəxsə ödənilir.
Hansı istiqrazlar nisbətən daha riskli hesab olunur?
İstiqrazların digər qiymətli kağızlarla müqayisədə daha təhlükəsiz investisiya aləti olması onları investorlar üçün ən yaxşı alternativlərdən birinə çevirir. Çünki səhm portfelinə istiqrazlar əlavə etməklə risk balansını qurmaq mümkündür. İnvestorlar bütün pullarını tək bir investisiya alətinə yatırmaq əvəzinə müxtəlif alətləri eyni portfeldə saxlayaraq riskləri azalda bilər. Bu üsul risk götürmək istəməyən və kiçik, lakin sabit gəlir əldə etmək istəyən investorlar tərəfindən tətbiq edilir. Daha da, incələsək, uzunmüddətli perspektivdə faiz dərəcələrinin 10% artması istiqrazların 10% dəyər itirməsi deməkdir. Bu, investorun itkilərə məruz qalmasına səbəb olacaq. Bu səbəbdən investorlar hansı şirkətə və ya ölkəyə məxsus istiqrazları almaq istəyirlərsə, müvafiq şirkətin və ya ölkənin iqtisadi vəziyyətini təhlil etməli və mərkəzi bankların fəaliyyət siyasətinə yaxından bələd olmalıdır. Təcrübə göstərir ki,yüksək gəlirli istiqrazlar investisiya dərəcəli istiqrazlara nisbətən daha çox defolt dərəcələri və dəyişkən nəticələr vəd edir. Bu səbəbdən onlar daha çox faiz dərəcəsi riskinə malikdir.
Ümumilikdə istənilən halda investisiya yatırımları zamanı mütləq şəkildə araşdırma apardıqdan sonra addım atmaq tövsiyə edilir. Peşəkar mütəxəssislərlə məsləhətləşmək işləri daha da asanlaşdıra bilər. Bununla belə istiqrazlarıla həyata keçiriləcək əməliyyatlar zamanı qarşılaşa biləcəyiniz bəzi riskli nüanslara birgə nəzər salaq.
Faiz riski
İstiqraz investisiyası ilə bağlı əsas risklərdən biri faiz dərəcəsi riskidir. Belə ki, faiz dərəcələri yüksəldikcə, mövcud istiqrazların dəyəri azalır.
İnflyasiya riski
İstiqrazlar inflyasiyaya qarşı müəyyən qədər qorunma mövqeyində olsa da, inflyasiya istiqraz faiz dərəcələrindən daha sürətli yüksəldikdə baş verən inflyasiya riskinə qarşı həssaslığı aktual olaraq qalır.
Kredit riski
Zəif kredit reytinqi olan şirkətlər və ya hökumətlər tərəfindən buraxılmış istiqrazlar defolt riski ilə üzləşə bilər.
Nəticə
Son olaraq qeyd edək ki, sürətlə dəyişən maliyyə bazarları və iqtisadiyyat dünyası artıq bizdən daha perspektivli hədəflər, düşüncə qabiliyyəti və addımlar planı tələb edir. Zamanın tələblərinə uyğunlaşaraq daimi gəlirinizi uzun illərin zəhmət tələb edən fəaliyyət sahələri ilə müqayisədə daha sürətli şəkildə təmin edə bilərsiniz. Təbii ki, istiqraz əldə etmək bu yolda köməyinizə çatacaq alternativlərdən biridir. Yuxarıda istiqrazlarla bağlı bir çox nüanslara ətraflı şəkildə nəzər salmağa çalışdıq. Ümid edirik ki, yeni maliyyə planlamanızda “İstiqraz nədir” sualına tapdığımız cavablar və ümumilikdə bu məlumatlar sizə böyük faydalar qazandıracaq.
Həmçinin oxu – İnternetdən necə pul qazanmaq olar?