Restrukturizasiya nə deməkdir?
Restrukturizasiya nə deməkdir?
Termin olaraq restrukturizasiya dedikdə şirkətlərin biznes modellərinə, biznes əməliyyatlarına, struktur təşkilatına və ya maliyyə xərclərinə dəyişiklik etmək, yeni həllər gətirmək məqsədli tətbiq metodu başa düşülür. Beləliklə, restrukturizasiya şirkətlərin səmərəliliyini, rəqabət qabiliyyətini və ümumi performansını stimullaşdırmaq üçün həyata keçirilən fəaliyyətlərin məcmusudur. Sözügedən çoxşaxəli model şirkətin strukturunu, əməliyyatlarını və maliyyə strategiyasını yenidən təşkil etməyə yönəlmiş müxtəlif fəaliyyətləri əhatə edir. Meydana çıxan maliyyə təzyiqləri fonunda gəlirlilik performansının zəifləməsi, satışdan əldə edilən qeyri-sabit gəlir, borc limitinin aşılması, şirkətin artıq rəqabətə davam gətiməməsi, bazarda müşahidə olunan rəqabətin kritik səviyyəyə yüksəlməsi və s. kimi səbəblərdən dolayı restrukturizasiya effektiv həll yolu modeli hesab olunur. Beləliklə, şirkətlər yaxud bizneslər çətin şəraitlə üz-üzə qaldıqda, yeni məhsul və ya xidməti uğurla işə sala bilmədikdə, müvafiq qərar ətrafında bir araya toplanır.
Restrukturizasiya Növləri Hansılardır?
Qeyd olunduğu kimi, restrukturizasiya öz-özlüyündə müxtəlif fəaliyyət planlamasını ehtiva edir ki, nəticədə şirkətin rentabellilik səviyyəsi hədəflərə uyğun şəkildə irəliləyir. Bəs gəlin görək, restrukturizasiyanın hansı növləri var?
Hüquqi Restrukturizasiya
Hüquqi restrukturizasiya şirkətinin rəhbər tərəfindən müvafiq müəssisənin hüquqi şəxsə çevrilməsi zamanı tətbiq olunan restrukturizasiya növüdür. Həmçinin, şirkət üzrə bütün şöbələrdə fəaliyyətin hüquqi qanunlar çərçivəsində tənzimlənməsi cəhətdən hüquqi struktur yaratmaqdır.
Yenidənqurulma Restrukturizasiyası
Yenidənqurulma restrukturizasiyası məhsul xətlərini, biznes modellərini, təşkilati strukturu, şirkətin uğuruna töhfə verməyən digər sahələri əvəz etməyi özündə ehtiva edən fəaliyyətlərin məcmusudur. Buna misal olaraq, şirkət rəhbərlərinin aşağı satış səviyyəsi və istehlakçı marağı səbəbindən hər hansısa məhsulun istehsalını, idxalını dayandırmasını göstərmək olar. Hansı ki, növbəti mərhələdə müvafiq sektor üzrə istehlakçıların yeni ehtiyaclarına uyğun məhsul və ya xidmət modelləri təqdim olunur.
Xərclərin Yenidən Qurulması
Şirkətlər iqtisadi tənəzzüldən, yaranan maddi problemlərdən uzaq qaçmaq üçün xərclərin restrukturizasiyasına yəni yenidənmüəyyənləşdirilməsinə üstünlük verirlər. Buraya departament büdcələrinin yenidən müəyyənləşdirilməsi, məzuniyyətlərin hesablanması, digər xərclərə qənaət və s. kimi tədbirlər daxil ola bilər.
Şirkətin Fəaliyyət İstiqamətinin Restrukturizasiyası
Şirkətlərin öz biznes modellərini dəyişdirmək, genişləndirmək və yeni istiqamətlərə yönəlməklə bağlı verilən qərarı özündə ehtiva edən restrukturizasiya növüdür. Məsələn, kənd təsərrüaftı istehsal vasitələrinin satışı ilə məşğul olan şirkətin, öz biznes modelinə ev əşyaları və dekorasiyalarının satışını da əlavə edərək genişləndirməsi mümkündür.
Spin-off Restrukturizasiyası
Spin-off restrukturizasiyası şirkətin müəyyən filialları, nümayəndəlikləri öz biznes təmsilçisinə çevirdiyi prosesi özündə ehtiva edir. Bu halda şirkətin dəyəri artaraq, onun əsas rolunu daha da gücləndirir.
İxtisar Restrukturizasiyası
Şirkətin cari ehtiyac vəziyyətinə, gəlirlilik gözləntilərinə və s. kimi səbəblərə görə filialların, şöbələrin və ya digər biznes bölmələrinin fəaliyyətini dayandırmaqla, tətbiq olunan restrukturizasiyanın özünəməxsus müsbət tərəfləri vardır. Nümunə olaraq, hər hansısa bankın satışa dəstək departamentini ləğv edərək, müvafiq komanda heyətini korporativ satış departamenti ilə birləşdirə bilməsini göstərə bilərik.
Kredit Restrukturizasiyası
Kredit restrukturizasiyası kreditin ödənilmə müddətinin uzadılaraq, ödənişlərin azalması və bu fonda müştərinin güzəştli şərtlərdən yararlanmasına nail olmaqdır. Yəni kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin ayrılmasını özündə ehtiva edir. Bu ifadə kreditin yenidən maliyyələşdirilməsi anlayışı ilə də üst-üstə düşür. Sözügedən maliyyə alətindən yalnız çətin məqamlarda banka müraciət edərək, istifadə etmək tövsiyə olunur.
Restrukturizasiyasının üstünlükləri nələrdir?
İqtisadiyyatda tətbiq olunan bütün növ maliyyə alətlərinin özünəməxsus müsbət tərəfləri vardır. Gəlin görək, restrukturizasiyasının hansı üstünlükləri var?
Biznes fəaliyyətini stimullaşdırır
Restrukturizasiyanın tətbiqi ilə şirkətlər öz maliyyə vəziyyətlərini yaxşılaşdırmaq, təşkilati strukturu təkmilləşdirmək və ya sənayedəki dəyişikliklərə uyğunlaşmaq imkanı əldə edir. Nəticədə, müvafiq sektorda olan rəqibləri geridə qoymaq, yaxud onlarla eyni səviyyəyə yüksəlmək asanlaşır.
Kommunikasiyanı gücləndirir
Restrukturizasiya zamanı biznes planlarının yenidən müəyyənləşdirilməsi zamanı departamentlər və ya filiallar arasında birgə fəaliyyət proseduru üçün münbit şərait yaranır. Beləliklə, hədəflərə doğru gedən yolda nəticələrin əldə olunması sürətlənərək, həmçinin, əməkdaşlıq əlaqələri daha da güclənir.
Maliyyə gəlirliliyini qoruyur
Maliyyə restrukturizasiyası şirkətin gəlirlilik, borc səviyyəsindən və ya iqtisadi tənəzzül zamanı proseslərin davam etmə ardıcıllığından asılı olmayaraq səmərəliliyini qoruyub saxlayır.
Biznesin inkişafı üçün yeni imkanlar təqdim edir
Restrukturizasiya əməliyyatlarının icrası zamanı maliyyə fəaliyyətlərinin yenidən təşkili ilə şirkətlər müxtəlif istiqamətlər üzrə fəaliyyətini genişləndirmək şansı qazanır.
Restrukturizasiya nə deməkdir? Bir Şirkət Neçə Dəfə Restrukturizasiya Edə Bilər?
İxtiyari şirkət və ya müəssisələrin restrukturizasiya əməliyyatlarını həyata keçirə bilməsinə dair hər hansısa rəqəmlərlə bağlı qanuni məhdudiyyət yoxdur. Şirkətlər daha səmərəli fəaliyyət göstərmək və müəyyən xərcləri azaltmaq üçün sərbəst şəkildə restrukturizasiya mərhələsinə keçid edə bilər. Bundan başqa, restrukturizasiyanın kiafyət qədər mürəkkəb bir proses olduğunu nəzərə alsaq, prosedurun daha ciddi yanaşma tələb etdiyini söyləyə bilərik.
Restrukturizasiya nə deməkdir? Restrukturizasiya Olunmuş Kredit Nədir?
Kreditin Restrukturizasiyası defolt halında, yəni müvafiq ödənişlərin borcalan tərəfindən təmin olunmaması fonunda yaranan maliyyə çətinliyini aradan qaldırmaq məqsədi ilə tətbiq olunur. Əksərən gözlənilməz maliyyə çətinlikləri ilə qarşılaşdıqda borcun restrukturizasiyasına ehtiyac yaranır. İqtisadi tənəzzüllər, iş yerlərinin itirilməsi, bazarda şərtlərin dəyişməsi və s. kimi amillər borcalanların ödəmə öhdəliklərini yerinə yetirmə qabiliyyətini poza bilər. Kreditin restrukturizasiyası isə belə məqamlarda problemli maliyyə suları üzərində körpü rolunu oynayır. Borcalanların uzunmüddətli maliyyə rifahını təmin edərək, müvəqqəti çətinliklərin öhdəsindən gəlməyə imkan verir.
Restrukturizasiya nə deməkdir? Kreditin Restrukturizasiyasının Növləri
Kredit müddətinin uzadılması
Kredit müddətinin uzadılması borcun restrukturizasiyasında ümumi yanaşmadır. Ödəniş müddətini uzatmaqla borcalanlar aylıq öhdəliklərini əhəmiyyətli dərəcədə azalda bilərlər. Bununla yanaşı, borcalanlar artan faiz ödənişlərini, həmçinin, digər xərcləri də nəzərə almalıdırlar.
Faiz dərəcəsinin dəyişdirilməsi
Kreditin faiz dərəcəsi ümumilikdə borcalanın gələcək vəziyyətini müəyyənləşdirən situasiyadır. Burada sabit və dəyişkən faiz dərəcələri araslnda seçim etmək ümmkündür. Adından da bəlli olduğu kimi, sabit tariflərin sabitliyi təmin etməsi halında, dəyişkən dərəcələr isə bazar şərtləri əsasında dərəcələrin aşağı düşməsinə və beləliklə potensial qənaətə səbəb ola bilər.
Əsas borcun qaytarılmasının restrukturizasiyası
Bu yanaşma əsas məbləğin azaldılmasını və ya borcalanların geri ödəmək məcburiyyətində qalmadığı güzəşt müddəti təklifini özündə ehtiva edir. Keçici zaman çərçivəsində ilkin mərhələdə şərtləri yüngülləşdirsə də, uzunmüddətli xərclərə və gələcək ödənişlərə təsirsiz ötüşməyəcəyini diqqətdə saxlamaq vacibdir.
Yanaşmaların birləşməsi
Bəzi hallarda, həlli fərdi maliyyə vəziyyətlərinə uyğunlaşdırmaq üçün yenidən strukturlaşdırma metodlarının kombinasiyası qəbul edilə bilər. Yenidən strukturlaşdırmanın borcalanların spesifik ehtiyacları və məqsədlərinə uyğun olmasını təmin edən fərdiləşdirmə əsasdır.
Nəticə (Restrukturizasiya nə deməkdir?)
Restrukturizasiya diqqətli planlaşdırma və icra tələb edən mürəkkəb prosesdir. Çünki, bu istiqamətdə həyata keçiriləcək işlər işçilər, maraqlı tərəflər və şirkətin ümumi istiqaməti üçün olduqca əhəmiyyətli rol oynayır. Buna əsasən əldə olunan nəticələr tərəflərin cari və gələcək maraqlarının təmin olunmasında aparıcı rol oyanyır. Zəruri olan nəticələri əldə etmək və maraqlı tərəflərin inamını qorumaq üçün yenidən strukturlaşdırma zamanı effektiv ünsiyyət və liderlik çox vacibdir. Eyni zamanda tətbiqi zamanı oxşar və ya ümumilikdə digər təcrübələrə nəzər salamq, yararlanmaq faydalı olacaqdır.
Həmçinin oxu – Monopoliya nədir?