MBA nədir? – Tələbələrin sevimli proqramı

Tələbələrin sevimli proqramı olan MBA nədir? 

Dünyada hər il milyonlarla tələbə müxtəlif ali təhsil müəssisələrində tədrisini tamamlayaraq məzun olur. Statistika göstərir ki, son on ildə dünya üzrə məzunların sayında artım müşahidə olunub. Dövrün tələbləri insanları artıq daha bacarıqlı, savadlı, ixtisaslı və dünyagörüşlü olmağı tələb edir. Təbii ki, karyera bazarında rəqabətin kəskinləşdiyini nəzərə alsaq, nüfuzlu ixtisasların və ya universitetlərin diplomlarına sahib olmaq getdikcə prioritetləşir. Tələbələr arasında ən çox sevilən, həmçinin, dünya üzrə məşhur olan dərəcələrdən biri də MBA təhsilidir. Əksərən MBA dərəcəsi magistr təhsili ilə qarşılaşdırılır. Odur ki, gəlin, onlar arasında oxşar və fərqli cəhətlərə, eləcə də digər nüanslara növbə ilə nəzər salaq.

MBA nədir?

MBA yəni Master of Business Admistration dilimizə “Biznesin İdarə Olunması” kimi tərcümə olunur. İlk dəfə 1908-ci ildə Harvard Biznes Məktəbi tərəfindən təqdim edilən MBA üzrə günümüzdə nüfuzlu universitetlərin əksəriyyətində tələbə qəbulları həyata keçirilir. Adından da bəlli olduğu kimi bu ixtisasa üz tutan tələbələr liderlik, marketinq, maliyyə və mühasibatlıq kimi sahələrdə biznesin idarə edilməsi, həmçinin, idarəetmənin müxtəlif istiqamətləri üzrə bilik və bacarıqlar qazanır. MBA ümumiyyətlə biznes peşəkarları üçün nəzərdə tutulmuş proqramdır ki, məzunlara iş dünyasında qarşılaşa biləcəkləri çətinliklər və imkanlar haqqında hərtərəfli inkişaf vəd edir. MBA proqramları ümumilikdə 1-2 illik zaman aralığını əhatə edir. Bununla belə, part-time, sürətləndirilmiş və ya onlayn MBA proqramları da var.

MBA nədir? MBA proqramı ilə magistr təhsilinin fərqi nədir?

Magistr və MBA proqramları arasındakı fərqlər proqram məzmunundan qəbul tələbləri, karyera fürsətlərinə qədər müşahidə oluna bilər. Əsas fərqləri isə aşağıdakı kimi sıralamaq olar:

Magistr proqramları istənilən sahə üzrə ixtisaslı məzunlar yetişdirdiyi halda, MBA proqramları əsasən biznesin idarəedilməsi, menecment yönümlüdür.

Magistr proqramlarına qəbul şərtləri nisbətən rahat olsa da, MBA proqramlarının əksərində isə namizədlərdən bir neçə illik iş təcrübəsi gözlənilir. 

Magistratura proqramları mühazirələr, seminarlar və laboratoriya işləri kimi ənənəvi akademik öyrənmə üsullarına xitab etsə də, MBA proqramlarında isə praktik tətbiq üsullarına üstünlük verilir.

MBA proqramları ingilis dilində tədris olunur.

MBA nədir? MBA proqramının növləri

Tələbələrə biznes yönümlü fəaliyyətlərə dərindən bələd olmağı aşılayan MBA proqramının növlərinə nəzər salaq.

Tam zamanlı

Fərqli karyera yollarını kəşf etmək istəyənlərin əksərən üz tutduğu bu proqram tələbələrdən dərslərə tam şəkildə fokuslanmağı və zaman ayırmağı tələb edir. Bir və iki illik zaman aralığını əhatə edir. ABŞ universitetlərində iki illik MBA təhsilinə üstünlük verilsə də, Avropa və Asiyada əksərən bir illik format tətbiq olunur. İstənilən halda seçim tələbələrin ixtiyarındadır.

Part-time

Part-time MBA proqramı namizədlərə iş və təhsili birləşdirməyə imkan verir, yəni siz maaşınızı və tam zamanlı proqrama davam etmək fürsətini əldən verməyəcəksiniz. Part-time MBA dərsləri adətən axşamlar, həftə sonları və ya çevik modul formatlarda həyata keçirilir.

Executive MBA (EMBA)

Executive MBA 10 ildən çox iş təcrübəsi olan təcrübəli, icraçı səviyyəli mütəxəssislər üçün nəzərdə tutulmuş proqramdır. Bu proqram təcrübəsi, bacarıqları ilə sektorda özünü təsdiqləmiş liderləri yüksək bacarıq, şəbəkə və bilik mübadiləsi üçün bir araya gətirir. Dərslərin qrafiki isə tələbələrə uyğun zamanlar üçün təşkil edilir.

Onlayn MBA

Bu tədris forması evinizi, işinizi tərk etmədən internet şəbəkəsinin olduğu bütün nöqtələrdə MBA proqramından yararlanmağa imkan verir. Əksərən tədris müddəti təxminən iki il davam edir.

MBA nədir? Hansı MBA ixtisasları var?

MBA proqramı tələbələrə müxtəlif istiqamətlər üzrə ixtisaslaşmağa şərait yaradır. Belə ki, tələbələr biznes analitikası, sahibkarlıq, maliyyə, marketinq, insan resursları və s. kimi istiqamətlər üzrə MBA dərəcələri əldə edə bilər. Məsələn, ABŞ-da STEM MBA proqramları STEM mövzularını özündə birləşdirən ixtisaslara malikdir. Əlavə məlumat üçün qeyd edək ki, STEM MBA-larının beynəlxalq məzunları H-1B vizası (H-1B vizası ABŞ işəgötürənlərinə müəyyən müddət ərzində ABŞ-da işləmək üçün xüsusi bacarıqlara malik xarici işçiləri işə götürməyə imkan verən qeyri-immiqrant iş vizasıdır.) olmadan ABŞ-da üç ilə qədər qala və işləyə bilərlər.

Bundan başqa, MBA təhsilini  ixtisaslaşdırılmış biznes magistri, hüquq və biznes məktəblərinin birgə təklif etdiyi JD MBA (JD-MBA tələbələri həm hüquq, həm də biznes kursları alırlar.) kimi universitetlərarası proqramlarla birləşdirərək əksər biznes məktəblərində ikili dərəcələr əldə etmək mümkündür.

Azərbaycanda MBA ixtisasları hansılardır?

Ölkəmizdə ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Xəzər Universiteti, Qərbi Kaspi Universiteti və s. kimi universitetlərdə fərqli MBA ixtisaslarına yiyələnmək mümkündür. Bu barədə daha ətraflı məlumat üçün isə dim.gov.az saytına daxil ola bilərsiniz.

  • Maliyyə
  • Biznesin idarə edilməsi
  • Səhiyyənin idarə edilməsi
  • Biznes və data analitikası
  • Layihələrin idarə olunması
  • Risklərin idarə olunması
  • Rəqəmsal marketinq
  • Rəqəmsal ekspertiza
  • Enerji menecment
  • Menecment
  • Biznesin təşkili və idarə edilməsi
  • İdarəetmədə informasiya sistemləri
  • Qiymətli kağızlar
  • Beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi
  • Kibertəhlükəsizlik
  • Turizm və otelçiliyin idarə edilməsi və s.

MBA nədir? Gəliri yüksək olan MBA ixtisasları 

MBA proqramı müasir dövrün karyera bazarına və ümumilikdə dünya bazarlarının gəlirlilik standartlarna uyğunlaşan proqram növü kimi məzunlara yüksək səviyyəli maliyyə qazancı vəd edir. Təbii ki, söhbət daim öz üzərində işləyən, yeniliyə açıq olan, bazarın və zamanın nəbzini tutmağı bacaran şəxslərdən gedir. Statistikaya əsasən, yüksək maaşlı MBA ixtisaslarına aşağıdakılar daxildir:

  • Maliyyə meneceri
  • Maliyyə eksperti
  • İnsan resursları üzrə mütəxəssis
  • İnvestisiya bankçılığı
  • İnformasiya Texnologiyaları üzrə mütəxəssis
  • Menecment
  • Marketinq Meneceri
  • Əməliyyat Meneceri
  • Kibertəhlükəsizlik

Təbii ki, sadalanan və yaxud siyahıda yer almayan ixtisaslar ölkəyə, regiona və digər səbəblərə görə dəyişə bilir. Sıralamada yer alan adlar əsasən dünya üzrə aktuallığını qoruyanlardır. Müasir dövrdə getdikcə MBA məzunlarına səhiyyədən tutmuş, startap layihələrinə, qeyri-kommersiya təşkilatlarına qədər müxtəlif sahələrdə rast gəlmək olar. Onlar arasında öz biznesini quran şəxslər də kifayət qədərdir. “BCG və McKinsey”, “Amazon”, “Google”, “Microsoft” kimi nəhəng markalardan tutmuş kiçik müəssisələrə qədər bir çox şirkətlər MBA məzunlarına üstünlük verir. Elə qeyd eləmək yerinə düşər ki, “Apple”, “JP Morgan”, “Microsoft” və s. kimi brendlərin baş direktorları MBA dərəcəsinə sahibdir.

Nəticə

Son olaraq qeyd edək ki, MBA proqramları məzunlara perspektivli karyera gələcəyi və əlverişli biznes mühiti vəd edir. Eyni zamanda, namizədlərin şəxsi inkişaf səviyyələrindən, hədəfləri üçün atacaqları addımlardan və s. asılı olaraq qazanılacaq üstünlüklər arta bilər. Eyni zamanda, bu əmək bazarında namizədləri fərqləndirən, hədəflənən şirkətlərdə karyera qurmalarına şans yaradacaq addımlardan biridir. Çünki, müasir dövr artıq namizədlərdən daha üstün bacarıqlar, təhsil səviyyəsi tələb edir. İlk olaraq hədəflədiyiniz istiqamətləri müəyyənləşdirmək, ona uyğun addımlar atmaq və inkişaf yollarını müəyyənləşdirmək tövsiyə olunur. MBA təhsili almaq istəyənlər isə mütləq şəkildə ən nüfuzlu universitetləri araşdırmaları, uyğun ixtisas seçimini etmələri məqsədəuyğundur.

Həmçinin oxu – Bizneslərin satışlarını artıran merçendayzer nədir?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button