Maşın seriyaları nədir? Nəqliyyat vasitələrinin qeydiyyatı necə həyata keçirilir?
Maşın seriyaları nədir? Nəqliyyat vasitələrinin qeydiyyatı necə həyata keçirilir?
Günümüzdə qlobal səviyyədə sərnişindaşıma, ərzaq məhsullarının idxalı, ixracı və s. kimi müxtəlif məqsədlər baxımdan istifadə edilən avtomobillərən sayı milyardlarla ölçülür. Son statistikaya əsasən, dünyada 1,45 milyard avtomobil vardır ki, bunun da təxminən 1,1 milyardı minik avtomobillərinin payına düşür. Təyinatından və hansı ölkədə istifadəsindən asılı olmayaraq, bütün növ avtomobillər rəsmi şəkildə sənədləşdirilir ki, bunun sayəsində dünya üzrə statistik məlumatları əldə etmək, həmçinin, digər prosedurları izləmək asanlaşır. Ölkəmizdə də avtomobillər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq rəsmi şəkildə sənədləşdirilir.
Avtomobillər üçün qeydiyyat şəhadətnaməsi nədir? Avtomobillər nə üçün qeydiyyatdan keçirilir?
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ölkə ərazisində və ya ölkə hüdudlarından kənarda nəqliyyat vasitəsinin və sürücünün məlumatlarını özündə əks etdirən rəsmi sənəddir. Müvafiq rəsmi kağız nəqliyyat vasitəsinin sahibinə təqdim olunur. Burada nəqliyyat vasitəsinin istifadəyə uyğun olub-olmaması kimi kriteriyalar qiymətləndirilir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə sahib olan sürücülər bu sənədlə yollarda hərəkət iştirakçısı olmaq hüququ əldə edirlər. Avtomobilin qeydiyyat şəhadətnaməsi həm də avtomobilin rəsmi mövcudluğunu təsdiqləyir.
Avtomobillər üçün qeydiyyat şəhadətnaməsində hansı məlumatlar yer alır?
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ”, sənədi verən orqanın adı, verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir:
- nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi – “A” ;
- nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi – “B”;
- nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri – “C”;
- nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası – “D”;
- nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi – “E”;
- nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) – “F”;
- nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) – “G”;
- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin e’tibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) – “N”.
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Certificat dimmatriculation”), bu maddənin birinci hissəsinin 1-ci-8-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində qeyd olunur.
Avtomobil dövlət qeydiyyat nişanı və ya maşın seriyaları nədir?
Nəqliyyat vasitələri üçün dövlət qeydiyyatı üzrə nömrə nişanları müvafiq nəqliyyat vasitələrinin hərəkətinə nəzarət etmək baxımdan həlledici rol oynayır. Bu lövhələr avtomobillərin ön və arxa hissəsinə yapışdırılır. Adətən hərflərin, rəqəmlərin və simvolların unikal birləşməsini ehtiva edir. Qeydiyyat nişanlarının əsas məqsədi nəqliyyat vasitələrinin identifikasiyasını asanlaşdırmaq, hesabatlılığı təmin etmək, hüquq-mühafizə xidmətlərini və tənzimləməsini dəstəkləməkdir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Müvafiq nişanının tərtibi zamanı isə ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilir. Hər bir nəqliyyat vasitəsinin qeydiyyat nişanı bir-birindən fərqlənir.
Avtomobillər, avtobus və qoşqu vasitələri üçün qeydiyyat nişanları necədir?
Müvafiq siyahıya aid olan nəqliyyat vasitələrinin qeydiyyat nişanını özündə əks etdirən lövhə ağ fon üzərində qara simvollardan istifadə olunaraq təqdim olunur. Üzərində region kodunu ifadə edən iki rəqəm, iki hərf və üç rəqəm yer alır ki, müvafiq detallar defislə bir-birindən ayrılır. Nömrənin sol hissəsində Azərbaycan bayrağı və düzbucaqlı dördbucaqda “AZ” avtomobil ölkə kodu yerləşir. Dövlət nömrə nişanının ikicərgəli variantında kodla bayraq daha yaxın sol yuxarı küncdə yerləşir, yuxarı sırada qeydiyyat regionunu bildirən iki rəqəm, altda isə hərfi seriya və üç rəqəm yerləşir. İkicərgəli nömrələrdə defislərdən istifadə olunmur. Hüquqi şəxsin adına qeydiyyata alınan nömrələrin hərf seriyasının ilk hərfi A ilə, qoşqu vasitələri üçün hərf seriyasının ilk hərfi Z ilə başlayır. YP hərfi seriyası isə Dövlət yol polisinin nəqliyyat vasitələrinə məxsusdur.
Sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitələri üçün maşın seriyaları necədir?
Sərnişin daşımasını həyata keçirən nəqliyyat vasitələrinin qeydiyyat nişanı göy fonda ağ simvollardan istifadə olunması ilə fərqlənir. Bu qeydiyyat nişanlarında hərf seriyasının ilk hərfi “T” ilə başlayır. Eyni zamanda, rəsmi taksi sürücüləri və ictimai avtobuslarda da görmək mümkündür. İctimai avtobuslar üçün isə heç bir xüsusi sənəd tələb edilmir.
Motosikllər və xüsusi texnika vasitələri üçün maşın seriyaları necədir?
Motosikllər üçün nəzərdə tutulmuş qeydiyyat nişanlarında ağ fonda qara simvollardan istifadə olunur. İki cərgədən ibarət bu qeydiyyat nişanlarının sol üst küncdə Azərbaycan bayrağı və “AZ” kodu yerləşir. Bu növ qeydiyyat nişanlarında yuxarı sırada iki rəqəm (region kodu) və defis vasitəsilə ayrılmış bir hərf yer alır. Qeydiyyat nişanının aşağı hissəsində isə üç rəqəm yerləşir. Xüsusi texnika və avadanlıqlar üçün nəzərdə tutulmuş qeydiyyat nişanları motosiklet nömrələrinə bənzəyir. Burada defis vasitəsilə ayrılmış bir hərf və üç rəqəm alt hissədə, region kodu isə üst hissədə yerləşir.
Tranzit avtomobillər üçün maşın seriyaları necədir?
Tranzit avtomobillər üçün nəzərdə tutulan qeydiyyat nişanında ağ fonda qara simvollardan istifadə olunur. Burada iki hərf və defis istifadə olunmadan 3 rəqəm yer alır. Sol tərəfdə ensiz yaşıl zolaq yerləşir. Bu zolaqla kəsr formalı “AZ” (surətdə) və “TR” (məxrəcdə) kodları qeyd olunub. Avtomobilin aid olduğu regionun kodu isə xırda şriftlərlə sağ küncdə rəqəmlər şəklində qeyd olunur.
Xarici vətəndaşlara aid avtomobillər üçün maşın seriyaları necədir?
Ölkəmizdə müvəqqəti və daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, ümumilikdə xarici dövlətlərin təmsilçilərinə məxsus nəqliyyat vasitələrinin qeydiyyat nişanlarında açıq-narıncı fonunda qara simvollardan istifadə olunur. Bir hərf və altı rəqəmdən (ikicərgəli nömrədə hərf yuxarı sırada yerləşir, rəqəmlər aşağı sırada yerləşir) və solda dövlət bayrağı və “AZ” kodundan ibarətdir. Qeydiyyat nişanında yer alan hərflər aşağıdakı kateqoriyalara bölünür.
M – avtomobil xarici şirkətin nümayəndəliyinin əməkdaşına aiddir;
H – avtomobil xarici vətəndaşa aiddir;
P – avtomobil ölkədən ixrac üçün nəzərdə tutulmuşdur.
Fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.
Ölkənin ali rəhbərliyinin maşın seriyaları necədir?
Bu nəqliyyat vasitlərinə məxsus dövlət nişanı növü adi avtomobil nömrələrinə oxşasa da, nömrələrdə defislər yoxdur. Nömrənin sol hissəsindəki bayraq mərkəzə (hərfi seriyanın və üç rəqəmin arasında) köçülərək, lövhənin enini əhatə edir. İcra başçılarına, dövlət işlərində işləyən şəxslərə təqdim olunan avtomobillərdə yer alır.
Nəqliyyat vasitələrinin qeydiyyat nişanını əldə etmək üçün hansı sənədlər tələb olunur?
Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə aşağıdakı sənədləri təqdim etməlidir:
1) ərizə – hüquqi şəxslər üçün əlavə №1 (buradan yükləyin) , fiziki şəxslər üçün əlavə №2 (buradan yükləyin) ;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin və yığımların ödənilməsi barədə qəbz;
5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.
Nəqliyyat vasitələrinin qeydiyyata alınması zamanı nə qədər rüsum tutulur?
Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsinə görə avtonəqliyyat vasitələri üçün 10 manat məbləğində, motonəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manat məbləğində;
Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə avtonəqliyyat vasitələri üçün 10 manat məbləğində, motonəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manat məbləğində;
Dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:
Yuxarıdakı qeyd edilən cədvəldə göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 18 manat məbləğində.
Qeydiyyat şəhadətnaməsinin verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu ödənilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 154.1. maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməməsinə görə fiziki şəxslər 30 manat miqdarında, vəzifəli şəxslər 40 manatdan 70 manatadək miqdarda cərimə edilir.
Rayonlar üzrə maşın seriyaları
01 – Abşeron | 26 – Xankəndi | 50 – Sumqayıt |
02 – Ağdam | 27 – Xaçmaz | 51 – Samux |
03 – Ağdaş | 28 – Xocavənd | 52 – Salyan |
04 – Ağcabədi | 29 – Xızı | 53 – Siyəzən |
05 – Ağstafa | 30 – İmişli | 54 – Sabirabad |
06 – Ağsu | 31 – İsmayıllı | 55 – Şəki |
07 – Astara | 32 – Kəlbəcər | 56 – Şamaxı |
08 – Balakən | 33 – Kürdəmir | 57 – Şəmkir |
09 – Bərdə | 34 – Qax | 58 – Şuşa |
10,90 – Bakı | 35 – Qazax | 59 – Tərtər |
11 – Beyləqan | 36 – Qəbələ | 60 – Tovuz |
12 – Biləsuvar | 37 – Qobustan | 61 – Ucar |
14 – Cəbrayıl | 38 – Qusar | 62 – Zaqatala |
15 – Cəlilabad | 39 – Qubadlı | 63 – Zərdab |
16 – Daşkəsən | 40 – Quba | 64 – Zəngilan |
17 – Dəvəçi | 41 – Laçın | 65 – Yardımlı |
18 – Şirvan | 42 – Lənkəran | 66 – Yevlax |
19 – Füzuli | 43 – Lerik | 67 – Babək |
20 – Gəncə | 44 – Masallı | 68 – Şərur |
21 – Gədəbəy | 45 – Mingəçevir | 69 – Ordubad |
22 – Goranboy | 46 – Naftalan | 70 – Naxçıvan şəhəri |
23 – Göyçay | 47 – Neftçala | 71 – Şahbuz |
24 – Hacıqabul | 48 – Oğuz | 72 – Culfa |
25 – Xanlar | 49 – Saatlı | 85 – Naxçıvan |
Nəticə (Maşın seriyaları nədir?)
Nəqliyyat vasitələrinin rəsmi qeydiyyat nişanları müasir nəqliyyat infrastrukturunda vasitələrin identifikasiyası, tənzimlənməsi və ictimai təhlükəsizliyin təmin edilməsində çoxşaxəli rol oynayır. Müasir dövrdə texnologiyanın sürətli inkişafı, daim dəyişən avtomobil bazarı mənzərəsində onların davamlı aktuallığını təmin edərək, qeydiyyat nişanlarının dizaynına və xüsusiyyətlərinə təsir göstərməkdə davam edir. Yaxın gələcəkdə avtomobil dünyasının bu vacib komponentində əlavə yeniliklərin tətbiqi qaçılmazdır.
Həmçinin oxu – Rezidentura nədir?