ASC nədir? – Açıq Səhmdar Cəmiyyəti olaraq fəaliyyətin üstünlükləri
Açıq Səhmdar Cəmiyyəti olaraq fəaliyyətin üstünlükləri – ASC nədir?
Müasir dövrdə ölkə iqtisadiyyatlarının inkişafında səhmdar cəmiyyətlərin özünəməxsus yeri var. Beləliklə, səhmdar cəmiyyətlər iqtisadi inkişafa, yeni iş yerlərinin yaradılmasına təkan verərək, gəlir səviyyəsinin artırılmasında həlledici rol oynayır. Səhmdar cəmiyyətlər investorlara kapitalları birləşdirməyə imkan verir. Sözügedən cəmiyyətdə formalaşan kollektiv sərmayə şirkətlərə müxtəlif layihələrin, tərəfdaşlıqların yeni mərhələyə keçid etməsinə, həmçinin, maliyyələşdirilməsi nisbətən çətin olan irimiqyaslı əməliyyatları həyata keçirməyə imkan verir. Kapital artımını və bizneslərə innovativ həllərin tətbiqini müxtəlif yollar vasitəsi ilə asanlaşdırır. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər. Ümumiləşdirsək, səhmdar cəmiyyət nizamnamə kapitalı səhm buraxmaq yolu ilə formalaşdırılan, fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan kommersiya təşkilatıdır. Səhmdar cəmiyyətlər açıq və qapalı olmaqla iki yerə ayrılır.
Səhmdar cəmiyyət növlərindən biri olan ASC nədir? (Açıq Səhmdar Cəmiyyəti)
Səhmləri digər səhmdarların razılığına ehtiyac olmadan asanlıqla üçüncü tərəfə ötürülə bilinən cəmiyyət Açıq Səhmdar Cəmiyyəti adlanır. Açıq səhmdar cəmiyyətləri səhmlərini birbaşa bank və ya birja yolu ilə satışa çıxarmaq hüququna malikdir. Ancaq bu barədə ən gec 6 ay qabaqcadan media orqanlarında müvafiq məlumatın dərc olunması mütləqdir. Həmçinin, açıq tipli səhmdar cəmiyyəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi formada hər il öz fəaliyyəti barəsində kütləvi informasiya vasitələrində məlumat dərc etdirməlidir. Dərc olunmuş məlumatın dürüstlüyünə isə səhmdar cəmiyyəti və onun məsul şəxsləri məsuliyyət daşıyırlar. Qanunvericiliyə əsasən açıq səhmdar cəmiyyəti üçün nizamnamə fondunun minimum həcmi 10 milyon manat, qapalı səhmdar cəmiyyəti üçün isə 5 milyon manat məbləğindədir.
ASC nədir? Hansı şirkətlər açıq səhmdar cəmiyyəti olaraq fəaliyyət göstərə bilər?
Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər açıq səhmdar cəmiyyət olaraq fəaliyyət göstərə bilər.
Sənaye şirkətləri:
İstehsal və sənaye fəaliyyəti ilə məşğul olan bir çox şirkətlər ASC formasında fəaliyyət göstərə bilər. Bu şirkətlər avtomobillərdən tutmuş elektronika məhsullarına qədər malların istehsalı ilə məşğul ola və səhmdarlar üçün mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərə bilər.
Maliyyə institutları:
Banklar, sığorta şirkətləri və digər maliyyə institutları ASC strukturuna daxil ola bilər. Sözügedən müəssisələr səhmlərini ictimaiyyətə təklif etməklə kapital toplamaq imkanı əldə edir.
Texnologiya şirkətləri:
Daha geniş investor bazasına çıxış əldə etmək istəyən, həmçinin, sürətli inkişafa ehtiyac duyan, fəaliyyət dairəsini genişləndirməyi hədəfləyən texnologiya və İT şirkətləri ASC formasında fəaliyyət göstərir.
Enerji şirkətləri:
Enerji sektoruna daxil olan şirkətlərin ASC formasında fəaliyyətə üstünlük verməsi səhmlərin irimiqyaslı layihələri və infrastrukturu maliyyələşdirməyə imkan verir.
İstehlak malları şirkətləri:
Geyim, ərzaq məhsulları, məişət əşyaları və s. kimi istehlak mallarının istehsalı və satışı ilə məşğul olan şirkətlərin ASC formasında fəaliyyəti gəlir mənbələrinin çoxalmasını təmin edə bilər.
Telekommunikasiya şirkətləri:
Mobil, internet və kabel televiziyası kimi xidmətlər təklif edən telekommunikasiya şirkətləri səhmlərin satışı fonunda əldə olunan gəlirdən faydalana bilərlər.
Nəqliyyat şirkətləri:
ASC formatı aviaşirkətlər, gəmiçilik şirkətləri və digər nəqliyyatla əlaqəli müəssisələr üçün donanmanın genişləndirilməsi, infrastrukturun inkişafı baxımdan əlverişlidir.
Daşınmaz Əmlak şirkətləri:
Daşınmaz əmlak daim öz aktuallığını qoruduğu üçün ASC strukturunda səhmlərin satışı nəticəsində əldə olunacaq gəlirin yüksək olması ehtimalı da yüksəkdir.
Səhiyyə şirkətləri:
Əczaçılıq şirkətləri, biotexnoloji firmalar və digər səhiyyə təmsilçilərinin ASC olaraq fəaliyyəti müəssisələrin inkişafını stimullaşdıraraq, gəlirin yüksək olmasını təmin edir.
ASC nədir? Açıq səhmdar cəmiyyəti olaraq fəaliyyət göstərməyin üstünlükləri nədir?
Əlavə edək ki, şirkətin açıq səhmdar cəmiyyəti kimi fəaliyyət göstərmək qərarı müxtəlif amillərdən, o cümlədən şirkətin böyümə planlarından, kapital tələblərindən və dövlət maliyyə bazarlarına çıxış istəyindən asılıdır. Eyni zamanda, şirkətlər regionun rəsmi qanunvericiliyinə əsaslanaraq buna uyğun fəaliyyət planı müəyyənləşdirməli və müvafiq tədbirlərin həyata keçirilməsinə start verilməlidir. Şirkətlərin ASC olaraq fəaliyyət göstərməsinin isə bir çox üstünlükləri var.
- Səhmdarlar səhmlərini asanlıqla üçüncü tərəfə sata bilər
- ASC-lərin səhmdarlarının sayı məhdudlaşdırılmır
- Açıq səhmdar cəmiyyət strukturu şirkətlərə gəlirlərini artırmağa, böyüməyə şərait yaradır
- ASC-lər adi səhm, imtiyazlı səhm və istiqraz kimi müxtəlif növ qiymətli kağızlar buraxmaq hüququna malikdir
ASC nədir? Səhmdar cəmiyyətin fəaliyyətinə nə zaman xitam verilir?
Cəmiyyətin fəaliyyətinə xitam verilməsi “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına uyğun olaraq həyata keçirilir.
Cəmiyyət ləğv edilərkən ləğvetmə komissiyası kreditorlarla hesablaşmaları aşağıdakı ardıcıllığa və qaydaya əməl etməklə həyata keçirir:
- əmək haqqının verilməsi. Cəmiyyətin əmlakı əmək haqqı üzrə borcların ödənilməsi üçün kifayət etmədikdə əmlakın məbləği işçilərin əmək haqqına uyğun olaraq onlar arasında bölüşdürülür;
- büdcə ilə hesablaşmaların aparılması;
- digər kreditor borclarının ödənilməsi. Cəmiyyətin əmlakının qalan hissəsi bütün kreditor borclarının ödənilməsi üçün kifayət etmədikdə, əmlakın məbləği kreditorlar arasında onların borclarının məbləğinə mütənasib olaraq bölüşdürülür;
- istiqrazların ödənilməsi. Cəmiyyətin əmlakının qalan hissəsi bütün istiqrazlara görə faiz məbləğini ödəmək üçün kifayət etmədikdə onun məbləği istiqrazların sayına mütənasib olaraq bölünür;
- imtiyazlı səhmlərin ödənilməsi. Cəmiyyətin əmlakının qalan hissəsi bütün imtiyazlı səhmlərin nominal dəyərini ödəmək üçün kifayət etmədikdə onun məbləği səhmlərin sayına mütənasib olaraq bölünür;
- adi səhmlərin ödənilməsi. Cəmiyyətin əmlakının qalan hissəsi adi səhmlər arasında onların sayına mütənasib olaraq bölünür.
- İddia müddəti başa çatdıqdan sonra qaldırılan iddialar aşkar ödənişdən sonra, əmlakın qalan məbləği hesabına ödənilir. Belə iddiaların ödənilməsi müddəti ləğvetmə komissiyası tərəfindən müəyyən edilir.
- Bütün kreditorlarla hesablaşdıqdan sonra cəmiyyətin əmlakının qalan məbləğindən təsisçilərin və ya səhmdarların ümumi yığıncağının qərarına uyğun istifadə edilir.
- Cəmiyyətin qalan əmlakını satmaq qərara alınarsa, onun kollektivinə bu əmlakı almaqda üstünlük verilir.
ASC nədir? – Nəticə
Qeyd edək ki, ASC kimi fəaliyyət göstərmək şirkətlərə bir çox üstünlüklər qazandırsa da, ictimai mülkiyyətlə bağlı özünəməxsus məsuliyyət tələbləri də vardır. Odur ki, şirkətlər birjaya çıxmaq qərarına gəlməzdən əvvəl öz məqsədlərini, bazar şərtlərini və tənzimləyici qanunları diqqətlə nəzərdən keçirməlidir.
Həmçinin oxu – MBA nədir? – Tələbələrin sevimli proqramı