1 iyun Uşaqlar Gününə aid şeirlər

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Bildiyimiz kimi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Uşaqlar çox həssasdırlar, bu baxımdan uşaqların müdafiəsi, fiziki, psixi və sosial inkişafının tam təmin olunması, onların həyat tərzinin yaxşılaşdırılması beynəlxalq səviyyədə müzakirə olunan problemlərdəndir. Bunun nəticəsi olaraq, uşaqlara yönəlmiş sevgi və qayğının əhəmiyyətini diqqət mərkəzində saxlamaq səbəbilə bir sıra beynəlxalq xüsusi günlər və ya ölkələrin özünəməxsus milli bayramları qəbul edilmişdir.

1 iyun Uşaqlar Günü

1 iyun tarixi dünyanın bir çox ölkəsində qeyd olunmaqdadır. Hər birimiz uşaqlara həssas yanaşmalı və onları mümkün qədər məmnun etməliyik.

Qeyd edək ki, Uşaqlar Gününü usaqlar gunune aid seirlerlə daha da xüsusiləşdirə bilərsiniz. Bu yazıda uşaqlara aid şeirlərdən, həmçinin 1 iyun Uşaqlar Gününə aid şeirlərdən nümunələri sizinlə paylaşırıq.

Uşaqlara aid şeirlər

Usaqlara aid seirlərdən bəziləri:

“Mən balaca deyiləm”

Səhər tezdən dururam,
Əl-üzümü yuyuram,
O qədər böyümüşəm,
10-a qədər sayıram!

Kuklamı çimdirirəm,
Qəşəng geyindirirəm,
O qədər böyüyəm ki,
Bağçaya da gedirəm!

Ad günümdə hamı mənə,
Qəşəng hədiyyə alacaq
Deməyin mənə balaca,
Mənim beş yaşım olacaq!

Böyüyəm mən, böyüyəm,
Görün necə böyüyəm.
Sevinirəm ay uşaqlar,
Kuklamdan da böyüyəm!

Müəllif: Gülzar İbrahimova

“Göyərçin”

Göyərçinəm, göyərçin,
Kəkilim vardır çin-çin.
Ellər məni bəsləyir,
“Uğurlu quşdur”, – deyir .
Sülhün bir rəmziyəm mən.
Canlı göyərçinlərdən
Ancaq mən çox fərqliyəm,
Əlimdə kağız, qələm,
Başımda fikir, ağıl,
Yazıram şeir, nağıl,
Arabir də hekayət,
Oxuyan alır ibrət.
Gözəl şəkillərim var,
Böyük əməllərim var.
Uşaqlar sevir məni,
Səsim tutub ölkəni.
İndi bilin, balalar,
Nə istəsəz, məndə var.

Müəllif: Abdulla Şaiq

“Dünyaya uşaq gəlir”

Ətirli, gül-çiçəkdi,
Yazdı, bahardı uşaq.
Dodaqda bal kimidir,
Budaqda bardı uşaq.
Günəşin zərrələri,
Yazın yağışıdır o,
Gözümüzün işığı,
Ərzin naxışıdır o.
Uşaq tək əzizlənən
Silahlar uşaq deyil.
Dünya ilə oynama,
Dünya oyuncaq deyil.
Əsək uşağın üstdə,
Kəsək yolunu şərin,
Uşaq səsindən gözəl
Nəyi var ki, bəşərin!?
Kini, küdurəti yox,
Vicdanı dümağ gəlir,
Dünya ayağa qalxsın,
Dünyaya uşaq gəlir!
Uşaq gəlmir bu qoca
Dünyaya daş atmağa,
Uşaq gəlir bu qoca
Dünyanı yaşatmağa.

Müəllif: Ələmdar Quluzadə

“ Mavi aləm “
Buludlara şeir yazdım,
Qanadlanıb uçum gərək.
Uşaqların göz yaşını
Əllərimlə silim gərək.

Gəlin, uşaqlarla birgə,
Gedək günəşli günlərə.
Don vurduğu taleləri
Sildik, qovuşsun keçmişə.

Maviliklər, biz gəlirik,
Qapını aç sevinclərə.
Uşaqlar şeir yazacaq,
Göy səmadan sətirlərə.

Müəllif: Zərin Hüseyn

“Uşaq bağçası“

Uşaq bağçası bu gün
Bürünüb al qumaşa.
Hər gülüş xoş səda, ün,
Hər körpə bir tamaşa.

Gülür, oynayır qızlar,
Oğlanlar yallı gedir.
Bu balaca ulduzlar
Adamı heyran edir.

Onlar dostların belə
Məktəbə yola salır.
Şeirlər axır dilə,
Qızlar piano çalır.

Körpələrin gözləri,
Gülüşdən pərvazlanır.
Tükənməyir sözləri,
Ürəklər avazlanır.

Beləcə bayram edir,
Son bağça günün onlar.
Ayrılıb çatıb nədir?
Ayrılacaq ünvanlar.

Müəllif: Şirinxanım Kərimbəyli

“Uşaq olmaq”

Nə olacam, görəsən
Əgər bir gün böyüsəm?
Müəllimmi, polismi,
Yoxsa bir maşinistmi?

Şərtdirmi ki, böyümək?
Şərtdirsə onda demək,
Budur ən böyük dərdim,
Uşaq olmaq istərdim.

Müəllif: Əli Rüzgar

“Uşaqlar xoşbəxt olsa”

Gəl darayım saçını,
Ay qaragöz gəlincik.
Çağır gəlsin bacını
Oynayaq evcik-evcik.

Mən ananız olaram,
Layla deyərəm sizə,
Yemək də bişirərəm
Həm özümə, həm sizə.

Mənim yuxum gələndə
Siz də mənlə bir yatın.
Bu il bacın da, sən də
Böyüyüb mənə çatın.

İstəyirəm məktəbə
Siz də mənlə gedəsiz.
Bir sevinək hər dəfə
Məni xoşbəxt edəsiz.

Xoşbəxt olsa uşaqlar
Dünyamız çiçək açar,
Həyatımız gül olar,
Hər yana ətir saçar.

Müəllif: Elxan Yurdoğlu

Uşaqların müdafiəsi

Uşaqlara aid olan hər şeyə sahib çıxmalıyıq. Şifahi xalq ədəbiyyatı nümunələrinin yaranmasından bu günədək uşaqlar üçün onlarla laylalar, nəğmələr, şeirlər yazılmışdır. Usaqlara aid olan seirleri, əslində, biz, böyüklər də diqqətlə oxusaq, uşaq qəlbinin nə qədər həssas və gözəl olduğunu, onları qorumağın nə qədər əhəmiyyətli olduğunu bir daha dərk etmiş olarıq.
Uşaqlar dünyanın ən məsum varlıqlarıdır. Biz, əslində, hər gün möcüzələrə şahid oluruq. Uşaqlar var olduqca möcüzələr var olacaq. Sizə rus yazıçısı F. Dostoyevskinin sözlərini xatırlatmaq istəyirəm:

“ Ruhunuzu sağaltmaq üçün uşaqlarla vaxt keçirin. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button